“Xəzər-Lənkəran”ın futbolçusu Braziliyanın yüksək liqasında!
25.12.2009 - 15:07
“Xəzər-Lənkəran”ın futbolçusu Braziliyanın yüksək liqasında!
“Xəzər-Lənkəran” klubunun braziliyalı müdafiəçisi Denis Silva vətənindən cəlbedici təklif alıb. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. Onun sözlərinə görə, 2008-ci ilin qışında transfer etdikləri mərkəz müdafiəçisi Braziliyanın A seriyasında oynaya bilər.

“Denisin komandamızla imzaladığı müqavilənin müddəti bitib. Ona Braziliya çempionatının yüksək liqa klubundan təklif gəlib. Həmin klubun adını demədi, heç mən də maraqlanmadım. Artıq vətəninə gedən Silva aldığı təklifin gerçəkləşməsi ilə məşğuldur. Onun danışdıq. Mənə söz verdi ki, məsələsini həll etməsə, geri qayıdacaq. Biz istəyirdik ki, Silva qalsın. Ancaq müqaviləsi qurtardığı üçün sərbəst futbolçu kimi istənilən kluba keçə bilər” – deyə Mircavadov bildirib.

3 gün sonra 24 yaşı tamam olacaq Denis “Xəzər-Lənkəran”dan Braziliyanın yüksək liqa təmsilçisinə keçərsə, Azərbaycan futbol tarixinə düşəcək. Hər halda, indiyədək futbolumuzda belə bir keçid olmayıb. Mircavadov buna belə şərh verib: “Əlbəttə ki, bu, böyük uğurdur. Denisi bura gələnə qədər kim tanıyırdı ki? “Xəzər-Lənkəran”ın, futbolçularının, məşqçilərinin, rəhbərliyinin, klub prezidentinin hesabını tanındı. Bu, məlum şeydir və Silva özü də bunu deyir, inkar etmir”.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın 2008-ci ildə Braziliyanın birinci liqasından transfer etdiyi Denis “Birlik kuboku” və Azərbaycan kubokunu qazandı.