Azərbaycan çempionatının gümüş mükafatçısı “Amerika”da oynayacaq
25.12.2009 - 15:31
Azərbaycan çempionatının gümüş mükafatçısı “Amerika”da oynayacaq
Azərbaycan çempionatının gümüş mükafatçısı Braziliyanın “Amerika” klubuna keçib. Apasport.az saytının məlumatına görə, cari mövsümdə Sumqayıtın “Standard” klubunda çıxış edən Adriano da Silva karyerasını Rio Qrande de Norte təmsilçisində davam etdirəcək.

Bu klub Braziliya çempionatının B seriyasında mübarizə aparır. “Amerika” ilə anlaşan 29 yaşlı yarımmüdafiəçi bu ilin yanvarında “Standard”a transfer olunmuşdu. O vaxt braziliyalını heyətinə qatan klub Adrianonu “İnter”ə icarəyə vermişdi. 2008/09 mövsümünün ikinci dövrəsini “İnter”də keçirib 10 çempionat oyununda 1 qol vuran futbolçu komandası ilə gümüş mükafat qazanmışdı.

Yayda “Standard”a qayıdan Adriano cari mövsümdə cəmi 4 dəfə çempionat qarşılaşmasına çıxıb. Böyükağa Hacıyevin baş məşqçi təyin olunmasından sonra bir dəfə də olsun şans qazanmayan cənubi amerikalı onun etimadını qazana bilmədiyindən vətəninə qayıtmalı olub.