AFFA niyə Dubayı yox, İordaniyanı seçdi?
25.12.2009 - 17:07
AFFA niyə Dubayı yox, İordaniyanı seçdi?
“Yığmamızın fevralın 25-də İordaniya ilə oyunu Dubayda keçirmək variantının alınmamasının səbəbi var. Futbolçularımızın qısa müddət ərzində 3 ölkəyə yollanıb, yorğunluqla üzləşməmələri üçün təlim-məşq toplanışı və yoldaşlıq görüşünü İordaniyada təşkil etmək qərarına gəldik”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisinin sözlərinə görə, martın 3-də səfərdə Lüksemburqla oyunun təyin edilməsi planda dəyişikliklə nəticələnib. Həmçinin, Məmmədov İordaniya Futbol Assosiasiyasının yığmamızın xərclərini öz üzərinə götürə biləcəyini istisna etməyib: “Dubayda təlim-məşq toplanışında olub, ardından İordaniya və Lüksemburqa getmək fiziki yorğunluq yaradacaqdı. Milli komandamızın İordaniyaya səfər xərcləri ilə bağlı danışıqlar gedir. Danışıqlardan sonra İordaniya Futbol Assosiasiyasının konkret hansı xərcləri çəkəcəyi müəyyənləşəcək”.

Baş katib yığmamızın yoldaşlıq görüşlərini əsasən xaricdə keçirməsinə də toxunub: “Fevralda bizdə hava şəraiti, eyni zamanda stadionların ot örtüyü yaxşı olmur. Hava şəraiti qənaətbəxş olduqda, rəqiblərimizi burada qəbul edəcəyik”.

Qeyd edək ki, Berti Foqtsun baş məşqçi olduğu 21 ayda yığmamız cəmi 2 dəfə öz meydanında yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Milli komandamız Respublika stadionunda 2008-ci il noyabrın 19-da Albaniya (1:1) və 2009-cu il iyunun 9-da İspaniya (0:6) qarşılaşıb.