“Oyun satdığımı sübut etsələr, başımı kəsərəm” - MÜSAHİBƏ
26.12.2009 - 12:18
“Oyun satdığımı sübut etsələr, başımı kəsərəm” - MÜSAHİBƏ
“Neftçi” klubunun sabiq müdafiəçisi, nigeriyalı Erik Obidikenin müsahibəsi

- Erik, çoxdandır futbol meydanlarında görünmürsən. Necəsən?
- Allah razı olsun, yaxşıyam. Düz deyirsən, üç aydır futboldan uzaq düşmüşəm. MOİK-in heyətində məşq edərkən əzələm dartılmışdı. Onun müalicəsi ilə məşğul olurdum.

- Bildiyim qədər hazırda klubsuzsan.
- Hə, elədir. Yaxınlarda "Neftçi-2"dən transfer vərəqəmi almışam. Hazırda azad agentəm.

- Hansısa klubla danışıq aparırsan?
- Eh, imkan verirlər ki. Başıma o qədər oyun açıblar ki, ölkədə bütün klublar mənə inamını itirib. Bir ara "Qəbələ"yə keçmək üzrə idim. Söz-söhbət çıxdı ki oyun satmışam, onlar da məndən imtina etdilər.

- Oyun satmısan?
- Vallah, hamısı yalandır. Bir gün gördüm ki, qəzetdə mənim oyun satdığımı yazıblar. Özümə yer tapa bilmirdim. Görürlər ki, legionerəm, burda heç kimim yoxdu, böhtan atırlar.

- Danış görək, hər şey necə olub?
- Dediyim kimi, qəzetdən oxudum ki, "Erik Obidike oyun satıb". Həmin vaxt "Muğan"da oynayırdım. Guya "Bakılı"ya oyun satmışdım. İnan ki, "Neftçi" və ya "İnter" desəydilər, hardasa, özümə təsəlli tapardım. "Bakılı"nın maliyyə vəziyyəti elə də yaxşı deyil axı, oyun alsın. Yəqin nə demək istədiyimi başa düşürsən. Həmin söz-söhbəti "Muğan"ın məşqçisi Vladislav Qədirov yaymışdı. Verdiyi açıqlamada mənim oyun satdığımı demişdi.

- Erik, od olmayan yerdən tüstü çıxmır axı.
- Çıxdı da. Qəzetdəki açıqlamanı oxuyandan dərhal sonra Qədirova zəng vurdum. Soruşdum nə məsələdi? Cavabında "mən elə söz deməmişəm" söylədi. Donub qaldım.

- Niyə elə söz demişdi ki?
- Həmin oyunda mənim iki səhvim üzündən komandam uduzdu. O da bütün günahı mənim boynuma atdı. Qardaş, heç bir insan səhvdən sığortalanmayıb. Həmin matçda Zeynal Zeynalov qırmızı vərəqə aldı. Deməli, o da oyun satıb? Bilmirəm dərdimi kimə danışım? Belə olmaz axı. Adamı sındırırlar.

- Sonra nə oldu?
- Məni komandadan qovdular. Pulumun yarısını da vermədilər. Səbəbini soruşanda "oyun satmısan, hələ pul da istəyirsən?!" cavabını eşitdim. Mən futbolla nəfəs alıram. Özüm də təmiz müsəlmanam. Haram pula əl də vurmaram. Adıma ləkə salıblar. Hətta belə bir söz demək istəyirəm: kimsə mənim oyun satdığımı üzümə desə və bunu sübuta yetirsə, həyatımı ona qurban verməyə hazıram. Lap başımı da kəsərəm. Yəqin elə bilirlər ki, Azərbaycan dilində oxuya bilmirəm. Bir söz də deyim, qəzetdə oyundan sonra futbolçuların qiymətləndirilməsi verilir. Meydana çıxdığım əksər matçlarda oyunun ən yaxşısı seçilirdim. Ən yaxşı ola-ola, necə oyun sata bilərəm?

- Başına başqa nə oyun açıblar?
- Yaxınlarda qəzetdə yazmışdılar ki, Erik Obidike futbolu çayxanaya dəyişib. Vallah, yalandır. Zədəli olduğum müddətdə yaxın dostumun işlətdiyi kafedə tez-tez olurdum. Sonra yazdılar ki, guya mən çayxanada işləyirəm.

- Ölkəmizə necə gəldin?
- Nigeriyaya tez-tez avropalı menecerlər gəlir. Britaniyalı bir şəxs oyunumu bəyəndi və Azərbaycanda oynamağı təklif etdi. Əvvəl razılaşmaq istəmədim, dedim ki, bu ölkəni heç tanımıram. Həm də başqa variant da vardı. İtaliyanın "Recina" klubu afrikalı yeniyetmə istedadları akademiyasına aparır və onları inkişaf etdirir. Tanınmış futbolçu Sandey Olisenin böyük qardaşı hazırda Avropada məşhur agentdi. Mənə dedi ki, bir az gözlə, səni də "Recina"ya aparacam. Amma britaniyalı da inadından dönmədi. Mənə Azərbaycanda futbolun inkişafına böyük qayğı göstərildiyini dedi. Nəticədə bura gəldim. Daha əvvəl həmklubum, yaxın dostum Obafemi Martins də "Recina"ya getmişdi.

- Və "Şahdağ"a gəldin.
- Hə, həmin vaxt cəmi 19 yaşım var idi. Sonra "Neftçi"yə baxışa getmək qərına gəldim. Məni "Neftçi-2"yə götürdülər. Maraqlı bir şey deyim, Azərbaycanda çıxış etdiyim bir neçə klubda həmişə ilk "qarabala" mən olmuşam (gülür).

- İndi nə işlə məşğulsan?
- Zədəmi yeni sağaltmışam. Sağ olsunlar, dostlarım, tanışlarım kömək edir. Yaxın günlərdə fiziki formamı bərpa etmək üçün fərdi məşqlərə başlayacam... Bilirsən, bir tərəfdən Azərbaycana gəldiyim üçün peşmanam. Burda özümü göstərib Avropaya yollanmağı arzulayırdım. Amma heç oynamağa da imkan vermirlər. Pis oynasaydım, məni tez-tez oyunun ən yaxşısı seçməzdilər.

- Ailəlisən?
- Hə, həyat yoldaşım azərbaycanlıdır. Azərbaycan mənim ikinci vətənimdir. Bu qızı mənə bəxş etdiyi üçün Tanrıya minnətdaram.

- Necə tanış olmusuz?
- "Neftçi"də olanda mənim tərcüməçim idi.

- Elçiliyə kim gedib?
- Dostlarım.

Mənbə: "Futbol+" qəzeti