Bu biabırçılıqdı, “Bakı”!
26.12.2009 - 17:23
Bu biabırçılıqdı, “Bakı”!
Son ana kimi ölkə çempionu "Bakı"nın "Birlik kuboku"ndan imtina edəcəyinə ümid edirdim. Lakin arzum gözümdə qaldı. Paytaxt təmsilçisi "centlmenlik" nümayiş etdirərək, Moskvaya getməyə razılıq verdi. Amma düşünməyin ki, burada "böyük qardaş" amili rol oynadı. Sadəcə, ölkə çempionunun artıq bir neçə ildi "məhəllə kuboku" xarakteri daşıyan turnirə qatılmasıyla bir daha sübut etdik ki, düşüncə tərzimiz heç də dəyişməyib. Köhnə hamam, köhnə tas.

Heç kimə sirr deyil ki, yerli klubların maliyyələşdirilməsi ölkə başçısı səviyyəsində verilən tapşırıqdan irəli gəlir. Sizi inandırıram ki, əks halda bu sahəyə bir qara qəpik qoyan da olmazdı. Bir faktı da gözəl bilirsiz: klub bossları yuxarı təbəqəyə yaxın olan insanlardı. Amma bu hələ hər şey deyil. Hakim sinifin əhatə dairəsindən kənarda qalmamaq, irəliyə getmək üçün iş görüb, gözə girmək lazımdı. Digər tərəfdən, əlavə imtiyazlar məsələsi var. "Bakı" və ya qeyrisi 50 il ard-arda ölkə çempionu olsa belə, bunu ölkə prezidentinə böyük uğur kimi sırımaq mümkün deyil. Onun gözünə xoş görünməyin yeganə yolu beynəlxalq səviyyədə uğur qazanmaqdı. Amma di gəl ki, loru dildə desək, bizimkilər evdə xoruz, çöldə fərədi. Doğrudu, bu il "Qarabağ" Avroliqada üzümüzü ağ etməyi bacardı. Amma bununla iş bitmir axı. Digər tərəfdən, "Qarabağ"ın uğuru "Qarabağ"ın, "Bakı"nın uğuru isə "Bakı"nındı. Klub bosslarımızın məntiqi ilə mühakimə yürütsək, "Qarabağ"ın uğuru "Bakı" və qeyrisi üçün heç də ürəkaçan hal deyil. Milyonlar xərcləyən heç bir adam kölgədə qalmağı ilə barışa bilməz. Belədə vəziyyəti düzəltməyin bircə yolu var: Moskvaya getmək. Çünki bizim çempionların gücü yalnız "Birlik kuboku"na çatır.

Qarşısına böyük hədəflər qoyduğunu iddia edən "Bakı" kimi imkanlı klubun "Birlik kuboku"na qatılması sadəcə, biabırçılıqdı. Bu fakt bir daha sübut edir ki, "Bakı" heç vaxt böyük klub ola bilməz. Çünki özünə hörmət edən komanda bu turnirə qatılmaz. Səbəblər yetərincədi.

Əvvəla, "zolaqlılar"ın yeni çalışdırıcısı Bülənt Korkmazın komanda formalaşdırması və çempionata hazırlaşması üçün Moskvanın süni örtüklü meydançaları idealdan çox uzaq bir məkandı. Böyük hədəfləri olan bir klub şələ-şüləsin yığıb Türkiyə, İspaniya kimi normal şəraiti olan yerlərə gedər. Çünki baxışda olan futbolçunun süni örtükdə özünü göstərmək şansı olduqca aşağıdı. Hər oyunçu özünü təbii qazondan kənarda sübut edə bilmir.

Digər tərəfdən, MDB ölkələrinin bəzi təmsilçiləri bu turnirə barmaqarası baxır. Əlbəttə ki, söhbət özünə hörmət edənlərdən gedir. Sağ əlləri bizimkilərin başına. Məsələn, Ukraynanın ölkə çempionatının 4-cüsünü, Belarusun 5-cisini göndərməsi "Birlik kuboku"nun səviyyəsiz yarış olmasından xəbər verir. Di gəl ki, "Bakı" özünə rəva bilib Moskvaya gedir. Məqsəd isə aydındı: yalançı uğur qazanmaq. Əslində, bəzi çempionların "Birlik kuboku"ndan imtinası "Bakı"nın işini asanlaşdırır. "Zolaqlılar" belə də "hədəfinə" daha asan çata bilər.

Mən artıq indidən "Bakı"nın "Birlik kuboku"nu qazandığı halda vətənə necə təmtəraqla dönəcəyini təsəvvür edirəm. Hava limanında izdihamın qarşısına çıxan oyunçuları atıb tutacaqlar, kimisi medalını öpəcək, kimisi kuboku bağrına basacaq... Yazıq, çox yazıq...

“Ekspressfutbol” qəzeti