Rəşad Sadıqov: O vaxt imkanım yox idi, pulu verə bilmirdim
28.12.2009 - 10:36
Rəşad Sadıqov: O vaxt imkanım yox idi, pulu verə bilmirdim
“Sadıq Sadıqovun “Neftçi”nin prezidenti olması məni sevindirir. O, bəzi problemlərimin həllinə kömək edib. Məhz onun xahişindən sonra məni “Neftçi”dən “Kocaelispor”a deyilən məbləğə buraxıblar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

27 yaşlı müdafiəçi bu ilin qışında Türkiyənin “Kocaelispor” komandasına keçidində “Neftçi” İSM-in sabiq direktoru, hazırda “Neftçi” klubunun prezidenti vəzifəsini daşıyan Sadıq Sadıqovun həlledici rol oynadığını vurğulayıb: “O, transfer qiymətimin aşağı salınmasına və “Neftçi” tərəfindən möhlət verilməsinə yardımçı olub. Çünki o vaxt imkanım yox idi, pulu verə bilmirdim. Buna görə Sadıq Sadıqov “transfer pəncərəsi”nin sonuncu günündə xahiş etdi, Əkbər müəllim (“Neftçi”nin sabiq prezidenti Əkbər Hacıyev nəzərdə tutulur - red.) də onun sözünü yerə salmadı. “Neftçi”yə pulu öz cibimdən vermişəm”.

Rəşad, həmçinin “Kocaelispor” rəhbərliyinin onu geri qaytarmaq istədiyini bildirib: “Bu yaxınlarda “Kocaelispor”un prezidenti mənə zəng vurmuşdu. O, əvvəlki futbolçuları qaytarıb, heyəti gücləndirmək və gələn ildən yüksək liqaya çıxmaq istədiklərini söylədi. Mən də “Qarabağ”la müqaviləmin olduğunu, hələ bu haqda danışmaq istədiyimi dedim”.

Qeyd edək ki, Sadıqov bu ilin yanvarından mayınadək “Kocaelispor”un formasını geyinib.

Mənbə: “Futbol+” qəzeti
0