Yakuba Bamba “Karvan”dan yenə uzaqlaşdırıldı
28.12.2009 - 12:52
Yakuba Bamba “Karvan”dan yenə uzaqlaşdırıldı
“Karvan” daha 2 futbolçunu qovub. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə, Kot D’İuvardan olan hücumçu Yakuba Bamba ilə litvalı müdafiəçi Edvinas Lukaşeviçyusu heyətdən uzaqlaşdırılıb.

“Həm Bamba, həm də Lukaşeviçyus ümidlərimi doğrultmadı. Xüsusilə yayda komandaya qaytardığımız Bambaya ümidlərim böyük idi. Ancaq özünü yaxşı tərəfdən göstərə bilmədi. Belə olan halda, onlarla əməkdaşlığı dayandırdıq. Yakuba ilə Edvinasın hələ altı ay müddəti olan müqaviləsinə xitam verdik. Artıq yeni futbolçularla danışıqlara başlamışıq. Bunlar əsasən yerli oyunçulardır. Onlar “Karvan”a gəlmək istəyirlər. Sadəcə, hazırkı klubları ilə müqavilələrinin olması problem yaradır” – deyə baş məşqçi bildirib.

Ölkəmizdə 76 oyuna 37 qol vuran Bamba karyerasını daha çox keçirdiyi “Karvan”ın tarixində ən məhsuldar futbolçudur. O, Yevlax təmsilçisinin heyətində milli çempionatımızda 60 oyunda 32 qol vurub. Cari çempionatda 13 görüşdə 804 dəqiqə meydana olan 34 yaşlı afrikalı hücumçu qol hesabını aça bilmədi. Yakuba yalnız “İnter”lə evdə keçirdikləri kubok oyununda (2:3) fərqlənə bilib. “Karvan”ın 2005-ci ilin yazında gələn Bamba 2007-ci ilin yayında “Xəzər-Lənkəran”a keçsə də, orada ümidləri doğrultmadı.

Lukaşeviçyus isə Azərbaycanda ilk olaraq “Standard”da çıxış etsə də, Hüseynovun baş məşqçi postundan gedişindən sonra Yevlaxa yollanıb. 2008-ci ilin qışında ölkəmizə gələn 31 yaşlı müdafiəçi çempionatımızda ümumilikdə 47 oyunda meydana çıxıb və 1 qol vurub. “Karvan”ın bu yay transfer etdiyi Edvinas Unibank Premyer Liqasında 12 görüşdə (761 dəqiqə) iştirak edib, 2 sarı vərəqə alıb.

Qeyd edək ki, “Karvan” cari mövsümün gedişində İlham Yadullayev, gürcü Mixal Mesxi, milliləşən rusiyalı Yuri Muzıka, braziliyalılar Andre Ladaqa ilə Leandro Qomeş tərk edib.
0