Türkiyənin “İddaa” şirkəti Azərbaycanda totalizator bazarını ələ keçirir
28.12.2009 - 13:30
Türkiyənin “İddaa” şirkəti Azərbaycanda totalizator bazarını ələ keçirir
“Bu təşəbbüs AFFA rəhbərliyi tərəfindən irəli sürülüb. Qurumun prezidenti Rövnəq Abdullayev bütün dünyada, o cümlədən Türkiyədə totalizator oyunlarının leqallaşdırıldığını bildirib. Bu təşəbbüs dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidentə İlham Əliyevə məruzə olunub. Cənab prezident bu təşəbbüsü dəstəkləyib”. Apasport.az saytının xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda totalizator oyunlarının leqallaşdırılmasına münasibət bildirərkən deyib.

Nazir bildirib ki, totalizator oyunları sahəsində Türkiyə təcrübəsindən istifadə olunacaq. Türkiyənin “İddaa” şirkətinin nümayəndələri Bakıya dəvət olunublar, burada bazarla tanış olublar.

Rəhimov həmçinin vurğulayıb ki, “Bədən Tərbiyəsi və İdman haqqında” qanunun 54-cü maddəsinə totalizator oyunlarının leqallaşdırılması ilə bağlı cümlə əlavə olunub. Bununla bağlı “Azəridmanservis” müəssisəsi yaradılıb. Totalizatorların gələn ilin mayından fəaliyyətə başlaması gözlənilir. Bu sahədən gələn gəlirin 70 faizi Gənclər və İdman Nazirliyinə, 30 faizi isə AFFA-nın hesabına köçürüləcək.
0