FİFA prezidenti rüşvətxorluqda ittiham olunur
28.12.2009 - 18:38
FİFA prezidenti rüşvətxorluqda ittiham olunur
FİFA prezidenti Zepp Blatter 2010-cu il dünya çempionatına bilet satışı tenderini udmaqda qardaşı oğlu Filipp Blatterin həmsahibi olduğu şirkətin udmasına kömək edib.

Lent.az-ın məlumatına görə, ali futbol qurumunun rəhbərinə qarşı belə ittihamı Britaniyanın “Express” nəşri irəli sürüb.

“MATCH Hospitality” şirkəti səhmlərinin 10 faizinə sahib olan 45 yaşlı Filipp Blatter FİFA İcraiyyə Komitəsinin qərarı ilə bilet satışına dair müqavilə bağlayıb. Bu firma 380 min biletin hamısını satacağı halda, 376 milyon avro gəlir götürəcək.

Britaniya parlamentindəki liberal-demokratların nümayəndəsi Don Foster bu faktı qəzəblə qarşılayıb: “Zepp Blatter hansı marağı güddüyünü və şəffaflığı qoruduğunu açıqlamalıdır. Bu məsələdən qohumların öz xeyirlərinə yararlanma halı olmamalıdır”.

FİFA-dan isə açıq tender olduğunu və satış hüququnun ən yaxşı namizədə verildiyi bildirilib.

Qeyd edək ki, Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatına biletlər orta hesabla 990 avroya, final matçına isə 4215 avroya satılır.