“Kocaelispor” rəhbərliyi Rəşad Sadıqovdan əl çəkmir
29.12.2009 - 09:53
“Kocaelispor” rəhbərliyi Rəşad Sadıqovdan əl çəkmir
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu ölkənin I Liqasında yarışan “Kocaelispor” rəhbərliyi 27 yaşlı müdafiəçini geri qaytarmaq niyyətindədir. Klubun prezidenti postuna Muammer Çelikin keçməsindən sonra “yaşıl-qaralar” Sadıqovu qaytarmaq üçün əməli işə keçiblər.

Türkiyə mətbuat iddia edir ki, Çelikin prezident kürsüsünə əyləşməsindən sonra Rəşad da sabiq komandasına dönmək istəyini bildirib. Onların fikrincə, Rəşad bu gün və ya sabah İzmitə gedəcək. Müdafiəçinin orada klub rəsmiləri ilə danışıqlar aparacağı bildirilir.

Qeyd edək ki, Rəşad bu ilin yanvarından mayınadək “Kocaelispor”un şərəfini qoruyub. O, hazırda formasını geyindiyi Ağdamın “Qarabağ” klubi ilə müqaviləsinin olduğunu əsas gətirərək, Türkiyə qayıtmaq fikrində olmadığını bildirib.