Şahin Diniyev kot d’ivuarlı futbolçunu sınayır
29.12.2009 - 10:06
Şahin Diniyev kot d’ivuarlı futbolçunu sınayır
Şahin Diniyevin məşqçisi olduğu Qroznının “Terek” klubu afrikalı Alli Ndrini heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, Kot d’İvuardan olan müdafiəçi Diniyevin futbolçusu olmaq üçün baxışdan uğurla keçməlidir. Ötən mövsümü Rusiya çempionatının birinci divizionunda mübarizə aparan “Şinnik” klubunda keçirən Ndri qroznılılara heç də ucuz başa gəlməyəcək. Hər halda, Yaroslav təmsilçisinin baş direktoru Aleksandr Rojnov Allinin satışından qazanmaq istədiklərini gizlətməyib.

“Ndri elə futbolçulardandır ki, Rusiyada ötən mövsümə kimi onun haqda heç bir şey məlum deyildi. Belə futbolçular sırasına aid olan Burmistrov, Reznikov, Voydelin də bir ildə qiyməti kəskin qalxıb. Ola bilsin ki, itkilərimizi istedadlı futbolçuların satışı ilə sığortalamağa çalışacağıq” - deyə o vurğulayıb.

Qeyd edək ki, “Terek” mövsümlərarası fasilədə iki yerli futbolçu transfer edib. Bunlar Rusiya Premyer Liqasında Nalçikin “Spartak” klubunda çıxış etmiş müdafiəçi Dmitri Yatçenko ilə hücumçu Şamil Asildarovdur.