“Tvente”nin prezidenti: Biz hələ Cavadovla maliyyə məsələlərini yoluna qoymalıyıq
29.12.2009 - 11:06
“Tvente”nin prezidenti: Biz hələ Cavadovla maliyyə məsələlərini yoluna qoymalıyıq
Hollandiyanın “Tvente” klubu Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun keçidi ilə bağlı rəsmi mövqeyini bildirib. Apasport.az saytının məlumatına görə, hazırda ölkə çempionatının lideri olan Enshede təmsilçisi 20 yaşlı hücumçumuzu transfer etmək fikrində olduğunu təsdiqləyib.

Komandanın prezidenti Yoop Munstermanın sözlərinə görə, Cavadovun 3 ildir çıxış etdiyi Ağdamın “Qarabağ” klubu ilə danışıqlar yekunlaşıb və transferin yekunlaşmasına az qalıb: “Biz yayda Avropa Liqasında “Qarabağ”la keçirdiyimiz oyunlardan sonra bu klubla sıx əlaqələr qurduq. Bu klubla aramızda Vaqif Cavadovun keçidi ilə bağlı razılaşma var. Sadəcə, futbolçunun özü ilə bəzi maliyyə məsələlərini yoluna qoymalıyıq. Ümid edirik ki, buna nail olacağıq. Çünki Vaqif çox gözəl və güclü sol cinah hücumçusudur”.

Qeyd edək ki, Munstermanın fikirləri “Tvente” rəsmilərinin Cavadovun keçidi ilə bağlı ilk açıqlamasıdır.