5 min manatlıq tüpürcək
29.12.2009 - 13:51
5 min manatlıq tüpürcək
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurum “Standard”, “Muğan”, “İnter” klublarını Unibank Premyer Liqasının son turunda futbolçuları 4 və bundan çox sarı vərəqə aldığı üçün 1000 manat cərimələyib.

Ancaq “Muğan”a kəsilən cəza bununla bitməyib. Belə ki, salyanlıların futbolçusu Vüsal Hüseynov “Xəzər-Lənkəran”la ev oyununun 84-cü dəqiqəsində rəqibinə tüpürməsi nəticəsində birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 6 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın yarısı (3 oyun) şərti olaraq tətbiq ediləcək. Yəni, Vüsal 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunur və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə olunur.

“Qəbələ” klubu da həmin cərimə məbləğini ödəməli olacaq. Məsələ ondadır ki, komandanın “İnter”lə öz meydanındakı görüşü başa çatdıqdan sonra oyunun baş hakiminin şəxsi maşınının şüşəsi və qonaq komandaya məxsus avtobusun şüşəsi yerli azarkeşlər tərəfindən sındırılıb. Buna əsasən stadionda və ona bitişik ərazilərdə təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi olan "Qəbələ" 5000 manat cərimələnib. Klub oyunun baş hakiminin və "İnter"in təqdim edəcəyi sənədə əsasən hər iki tərəfə dəymiş zərəri ödəməlidir.

Qeyd edək ki, “Qəbələ” – “İnter” oyununun baş hakimi çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev olub.