“O, böyük intizamsızlığa yol verib” - MÜSAHİBƏ
30.12.2009 - 19:34
“O, böyük intizamsızlığa yol verib” - MÜSAHİBƏ
Salyanın “Muğan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyevin Lent.az-a müsahibəsi

- 2009-2010-cu il mövsümünün ilk yarısı başa çatıb. Komandanızın 17 tur ərzində çıxışları təhlil olunub?
- Təbii. Biz mövsümə qələbələrlə başladıq, sonradan komandamızda geriləmə baş verdi. Buna görə baş məşqçi dəyişikliyinə əl atdıq. Kemal Alispahiçi onun köməkçisi Almir Hurtiçlə əvəzlədik. Bundan sonra “Muğan”ın oyununda və göstərdiyi nəticələrdə irəliləyiş hiss olunmaqdadır.

- Adətən, baş məşqçi öz köməkçiləri ilə birgə istefa verir. Kemal Alispahiç də “Muğan”a öz köməkçiləri ilə birgə gəlmişdi. Amma o, istefaya göndəriləndə Almir Hurtiç qaldı və baş məşqçi təyin olundu...
- Biz Alispahiçlə yollarımızı ayırdıqdan sonra Hurtiçlə söhbət edərkən, o, komandada dəyişiklik etməsinin mümkünlüyünə bizi inandırdı. Nəticədə ona şans verdik və ümidləri doğrultdu. Hurtiç baş məşqçi olduqdan sonra “Muğan” fərqli futbol oynayır.

- Qış fasiləsində heyətdə hər hansı dəyişiklik planlaşdırılıb?
- Bəli. Heyətimizi gücləndirmək istəyirik. Bu məqsədlə bir neçə futbolçu ilə vidalaşacaq, əvəzində daha səviyyəli oyunçular alacağıq. Artıq Ruslan Qafitullinə azad agent statusu vermişik. Başqa futbolçularla da vidalaşmağımız mümkündür. Əvəzində 4-5 yeni oyunçu transfer edəcəyik. Eyni zamanda, kollektiv daxilində nizam-intizamı daha da gücləndirmək niyyətindəyik.

- Nizam-intizamdan söhbət düşmüşkən, yarımmüdafiəçiniz Vüsal Hüseynov “Xəzər-Lənkəran”ın oyunçusuna tüpürdüyü üçün yarışı şərti olmaqla, 6 oyunluq cəzalanıb və klubunuzu 5 min manat ziyana salıb. Ona qarşı hər hansı tədbir görmək fikriniz var?
- Əlbəttə, Hüseynov böyük intizamsızlığa yol verib. O, əvvəllər də qırmızı vərəqə alaraq, komandamızı pis vəziyyətdə qoymuşdu. Həmin vaxt Vüsalla bizim ciddi söhbətimiz oldu, onu cəzalandırdıq. Amma yenə də belə bir hərəkət etdi. Bununla bağlı futbolçu ilə yenidən ciddi söhbətimiz olub. Təbii ki, biz də onu cəzalandıracağıq. O, oyunçuya yaraşmayan hərəkət edib. Amma onu da bildirməliyəm ki, həmin epizodda Hüseynovu belə addıma “Xəzər-Lənkəran”ın futbolçusu vadar etdi. Gəlib Vüsalı heç nədən vurdu. Təbii ki, futbolçumuz rəqibinə tüpürməməli idi. Nə olursa-olsun, futbolçumuz belə hərəkət etməməli idi.

- Cəza dedikdə, Vüsal Hüseynovun “Muğan”dan kənarlaşdırılmasını nəzərdə tutmursunuz?
- Hələ belə bir fikrimiz yoxdur. Bu məsələyə baxacağıq. Onun qovulub-qovulmayacağını deyə bilmərəm.

- Bəs klubunuza kəsilən cəriməni futbolçunun özünün ödəməsi mümkündür?
- Bəli, mümkündür.

- “Transfer bazarı”nda hansı ölkəyə üstünlük verəcəksiniz?
- Latviya, Litva, Estoniya, Slovakiya, Xorvatiya, Bosniya və Herseqovina, eləcə də Cənubi Amerika ölkələrindən olan futbolçularla danışıqlar aparmaq niyyətindəyik. Bu ölkələrin futbolçuları intizamlı olurlar. Əsasən, arxa xətti gücləndirmək fikrindəyik.

- Demək olar ki, ilk “6-lıq”da yer almayacağınız dəqiqləşib. Bu halda qalan oyunlarda hansı məqsədlər uğrunda mübarizə aparacaqsınız?
- Hər oyuna qələbə üçün çıxacağıq. Baş məşqçi dəyişikliyindən sonra udduğumuz oyunlar da oldu, uduzduğumuz da. Amma komandamızın çıxışında sonadək mübarizə, əzmkarlıq nəzərə çarpırdı.

- Komandanızın baş məşqçi postuna namizədlər qismində hələ də Əsgər Abdullayevlə İqor Ponomaryovun adı hallandırılır. Fasilə müddətində bu vəzifədə dəyişiklik etməyiniz mümkündür?
- Xeyr. Bunların hamısı şayiədir. Biz işimizi Almir Hurtiçin üzərində qurmuşuq, ona şans vermişik və hələ də baş məşqçimiz odur. Hurtiçə hər cür şərait yaratmışıq, arxasında durmuşuq. Onunla işimizi davam etdirmək istəyirik. Özü də bizimlə əməkdaşlıqda maraqlıdır.

- Yəni, Unibank Premyer Liqasının XVIII turunda “Muğan”ın sükanı arxasında yenə Hurtiç olacaq?
- Bəli. Bu, birmənalıdır.