“Bakı” klubunun üçüncü transferi: Venio Moraes Piodan
03.01.2010 - 00:05
“Bakı” klubunun üçüncü transferi: Venio Moraes Piodan
Ötən ilin son günlərində türk müdafiəçi Kürşat Duymuş və hollandiyalı yarımmüdafiəçi Adnan Bərəkəti sıralarına qatan Azərbaycan çempionu "Bakı" daha bir braziliyalı futbolçuya dəvət göndərib. Apasport.az saytının xəbərinə görə, söhbət 30 yaşlı braziliyalı yarımmüdafiəçi Venio Moraes Piodan (Wênio Moraes Pio) gedir.

2002-ci ildə "Korintians"dan Portuqaliya yüksək liqa komandalarından "Maritimo"ya transfer olunan Venio 2008-ci ilə qədər bu komandanın şərəfini qoruyub. 2009-cu ildə "Vitoria Gimaraeş"də oynayan Venio son mövsümü "Leyşoeş" (Leixões) klubunda keçirib. 14 turdan sonra 11 xal toplayan "Leyşoeş" Portuqaliya yüksək liqasında 14-cü sırada yer alır.

Portuqaliya çempionatlarında 137 oyun keçirən Venio 23 qola imza atıb. 9 sentyabr 1979-cu il tarixdə Braziliyada anadan olan futbolçunun boyu 178 sm, çəkisi 72 kq-dır.

Son oyununu 2009-cu ilin 22 dekabrında "Olhanense"yə qarşı (2:2) keçirən və 80 dəqiqə meydanda olan braziliyalı futbolçu yanvarın 3-də "Bakı"nın düşərgəsinə gələcək. Bu futbolçu ilə 18 aylıq müqavilə imzalanacağı gözlənilir.