“Xəzər-Lənkəran”ın futbolçusu “Barueri” klubu ilə müqavilə bağladı
05.01.2010 - 11:02
“Xəzər-Lənkəran”ın futbolçusu “Barueri” klubu ilə müqavilə bağladı
“Xəzər-Lənkəran”ın futbolçusu Denis Silva Braziliyanın “Barueri” klubuna keçib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı mərkəz müdafiəçisi San-Paulo ştatını təmsil edən komanda ilə iki illik müqavilə imzalayıb.

“Xəzər-Lənkəran”la müqaviləsi bitən Denis karyerasını vətənində davam etdirməyi qərara alıb. Yüksək liqa klubundan gələn təklifi dəyərləndirən Silva “Xəzər-Lənkəran” rəsmilərinə keçidi haqda məlumat verməklə yanaşı, onlara göstərdikləri münasibətə, diqqət, qayğıya, çəkdikləri zəhmətə görə “çox sağ ol” deyib.

Keçmiş komandasına uğurlar arzulayan Silva “Barueri”də rəsmən təqdim olunub. Onun yeni klubu ötən mövsüm Braziliya çempionatının 20 iştirakçısı arasında 11-ci yeri tutub.

Qeyd edək ki, Denis “Xəzər-Lənkəran”a 2008-ci ilin qışında Braziliyanın aşağı divizion klubu “Qama”dan keçmişdi. O, bu müddətdə “Birlik kuboku” və Azərbaycan kubokunun qalibi olub.