Unibank Premyer Liqası MDB-də sonuncu yerdədir
05.01.2010 - 11:33
Unibank Premyer Liqası MDB-də sonuncu yerdədir
Dünyanın ən güclü milli çempionatlarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu il üçün ölkə birinciliklərinin reytinq siyahısını tərtib edib.

Planetin ən güclü 100 çempionatı siyahısında Unibank Premyer Liqası da yer alıb. Azərbaycanın ən yaxşı klublarının reytinqi ölkə birinciliyinin dünyada 97-ci olmasına kifayət edib. Bir il əvvəl ilk “100-lük”dən kənar qalan çempionatımız “Qarabağ” və “Bakı”nın qitə kuboklarındakı uğurlu çıxışı sayəsində irəliləyişə nail olub. Reytinqi 209 xala bərabər olan çempionatımız ilk “yüzlük”də Nikaraqua, Oman, Bosniya və Herseqovinanı qabaqlayıb.

Ən güclü çempionat İngiltərə birinciliyi 1187, İspaniya 1077, Almaniya isə 1031 xal yığıb. Hesabında 691 xal olan Türkiyə çempionatı gücünə görə planetdə 10-cu pilləni tutur. Keçmiş SSRİ məkanı təmsilçilərindən Ukrayna 9-cu (746), Rusiya 20-ci (525), Özbəkistan 33-cü (403), Estoniya 39-cu (370), Gürcüstan 40-cı (364), Moldova 44-cü (345), Belarus 49-cu (336), Latviya 51-ci (328), Litva 69-cu (283), Ermənistan 75-ci (264) yerdə qərarlaşıb.

Yalnız Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan bu siyahıya düşməyib.