Mircavadov: Legionerlərlə hava limanında görüşəcəyik
05.01.2010 - 12:23
Mircavadov: Legionerlərlə hava limanında görüşəcəyik
“Xəzər-Lənkəran” legionerlərini Türkiyədə gözləyəcək. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. Onun sözlərinə görə, sərəncamında olan əcnəbi futbolçularla İstanbul Hava Limanında görüşəcəklər.

Bolqarıstanlı Radomir Todorov, slovakiyalı İvan Pexa, çexiyalı Tomaş İneman, braziliyalılar Mario Souza ilə Junior Osvaldo, türkiyəli Devran Ayhan, moldovalı Denis Kalinkov, honduraslı Allan Lalin istirahətdən sonra birbaşa komandanın düşərgəsinə yollanacaqlar. Mircavadov legionerlərdən yalnız braziliyalı Dieqo Qusmaonun Azərbaycanda qaldığını bildirib: “Hələ ilk dövrədə əlindən aldığı ağır zədə nəticəsində cərrahiyyə əməliyyatı olunan Dieqo istirahətdə vətəninə yollanmadı. O, burda qalıb, bərpa prosesini keçir. Qusmao ilə görüşmüşəm, vəziyyəti yaxşıdır. Türkiyəyə bizimlə birgə gedib, hazırlıq prosesində iştirak edəcək. Qalan legionerlərə isə birbaşa Türkiyəyə gəlmək tapşırılıb”.

Mircavadov yerli futbolçularla birgə yanvarın 12-də səhər saatlarında səfərə çıxacaqlarını bildirib. O, yerli oyunçuları bu gündən bir araya gətirəcək: “Onları bu üç gündə tibbi müayinədən keçirəcəyik. Bunu ilk növbədə vaxt itirməmək üçün edirik. Legionerləri isə sonradan müayinə edəcəyik, buna vaxtımız olacaq. Əslində, yerli futbolçular hazırlıq baxımından korluq çəkmirlər. Belə ki, onlara zal ayrılıb, həftədə üç dəfə futbol oynayırlar. Legionerlərə də vətənlərində olduqları müddətdə hazırlıq baxımından müvafiq tapşırıqlarımızı vermişik. Burda olan futbolçularla yanvarın 11-də yığışıb, ertəsi sübh tezdən Türkiyəyə yollanacağıq”.

Veteran çalışdırıcı Antalyada ilk yoxlama oyununda rəqibin hələ dəqiqləşmədiyini söyləyib: “Bu haqda mənə yanvarın 10-dan sonra məlumat verəcəklər. Moskva “Dinamo”su, “Lokomotiv” artıq Antalyaya təlim-məşq toplanışına yollansalar da, onlarla görüşmək variantı yoxdur. Çünki “Dinamo” 17-də Moskvaya qayıdır. Biz isə ilk oyunu yanvarın 20-də keçirməyi planlaşdırmışıq. Bilirsiniz, Rusiya klubları xaricdə 4 dəfə hazırlıq keçirlər. Buna görə də Türkiyəyə hər səfərlərində bizlərdən fərqli qısa müddətdə qalırlar”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” yanvarın 25-də Moskva “Spartak”ı, 27-də “Saturn” ilə yoxlama oyunu keçirəcək.