“Olimpik-Şüvəlan”nın ilk rəqibi müəyyənləşdi
05.01.2010 - 12:29
“Olimpik-Şüvəlan”nın ilk rəqibi müəyyənləşdi
“Olimpik-Şüvəlan” klubunun Türkiyədəki təlim-məşq toplanışında qarşılaşacağı rəqiblərindən biri məlum olub. Apasport.az saytının məlumatına görə, Nazim Süleymanovun yetirmələri “Zarya” (Ukrayna) ilə yoxlama oyunu keçirəcək. Yüksək liqada 13-cü yerdə gedən Luqansk təmsilçisi yenidən Azərbaycan komandası ilə qüvvəsini sınayacaq.

“Zarya”nın yeni baş məşqçisi Anatoli Çantsev hazırlıq planları haqda danışarkən, “Olimpik” kimi təqdim etdiyi komandaya da toxunub: “Hazırlığımızın ilk mikrotsiklini yanvarın 4-dən 8-dən Luqanskda keçirəcəyik. 9-da isə Türkiyəyə ilk təlim-məşq toplanışına yollanacağıq. Həmin hazırlıq prosesində kiminlə oynayacağımız artıq məlumdur. Belə ki, Nalçikin “Spartak” və Azərbaycanın “Olimpik” komandası ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, “Olimpik” cari mövsümdən “Olimpik-Şüvəlan” adı altında çıxış edir. Məşqlərə bu gündən start verən komanda hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək. "Olimpik-Şüvəlan" yanvarın 14-27-si aralığında Antalyada olacağı müddətdə 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Qalan rəqiblərə yaxın günlərdə aydınlıq gələcək.