Bülənt Uyğun: Azərbaycanda çalışmaq variantım var
05.01.2010 - 15:09
Bülənt Uyğun: Azərbaycanda çalışmaq variantım var
“Xeyli təkliflər almışam. Türkiyə ilə yanaşı, Azərbaycanda da çalışmaq variantım var. Özü də 2-3 komandanız mənimlə maraqlanır”. Bu fikirləri apasport.az saytına eksklüziv açıqlamasında “Sivasspor” klubunun sabiq baş məşqçisi Bülənt Uyğun deyib.

Sivas təmsilçisində uğurlu işi ilə yadda qalan 39 yaşlı çalışdırıcı ötən il komandasına Superliqanın gümüş medallarını qazandırdı. Amma Çempionlar Liqasında debüt etdirdiyi klubdan cari mövsümün əvvəlində istefa verdikdən sonra işsiz qalıb.

İndi Uyğunun adı “Neftçi” ətrafında hallanır. Türk mətbuatının yazdığına görə, gənc mütəxəssis flaqmanın baş məşqçisi postunda Vaqif Sadıqovu əvəzləyəcək. Belə ki, həmkarlarımız Uyğunun sabah “ağ-qaralar”la rəsmi müqavilə imzalayacağını yazmışdı.

Apasport.az saytına müsahibəsində bu xəbərlərə aydınlıq gətirən məşqçi konkret ad çəkməyi məqsədəuyğun saymadı: “Həqiqətən də Azərbaycandan mənə dəvətlər var. Menecerlər vasitəsilə məni arayıblar. Ölkənizdə 2-3 variant var. Ancaq həmin komandaların adlarını açıqlamaq istəmirəm”.

Ölkəmizdə işləməyə hazır olduğunu söyləyən Uyğun bunun üçün münasib şərtlərin olmasını əsas sayır: “Bu, yaxşı şəraiti, infrastrukturu, güclü idarə heyəti, rəhbərliyi, hədəfləri böyük olan klub olmalıdır. Əgər tələblərimə cavab verən olsa, şərtlərdə razılaşsaq, böyük məmnuniyyətlə ölkənizdə çalışaram. Ancaq şərtlər məni qane etməlidir”.