“Vaqif Cavadovun keçidinin rəsmiləşməsi üçün hər şey qaydasındadır”
05.01.2010 - 15:29
“Vaqif Cavadovun keçidinin rəsmiləşməsi üçün hər şey qaydasındadır”
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun “Tvente” klubuna keçidi Hollandiyada da böyük marağa səbəb olub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın 20 yaşlı hücumçusunun Enshede təmsilçisinə keçidinə aydınlıq gətirmək istəyən holland həmkarlarımız dünyanı bir-birinə qatıb.

Belə ki, onlar Yeni il və Milad bayramlarını Afrikada qeyd etmək niyyətində olan klubun müşahidə Şurasının üzvü Aldo van der Laanı axtarmaq qərarına gəliblər. Dünya çempionatının final mərhələsinin keçiriləcəyi CAR-a qış istirahətinə yollanan Laan da jurnalistlərin xahişini yerə salmayıb. Cavadovla müqavilənin 3 illik olacağını bildirən “Tvente” rəsmisi məsələ haqda qısa danışıb: “Demək olar ki, Cavadov məsələsi tam həllini tapıb. Transferin rəsmiləşməsi ilə bağlı hər şey qaydasındadır”.