Ruslan Abışov: Sizə bir sirr açacağam
05.01.2010 - 16:50
Ruslan Abışov: Sizə bir sirr açacağam
“Sizə bir sirr açacağam. Hələ uşaqlıqdan qarşıma öncə xarici klubda oynamaq, sonra milli komandaya dəvət almaq məqsədi qoymuşdum. Ancaq Berti Foqts mənə indi dəvət göndərməyi məqsədəuyğun saydı. Cəmi 22 yaşım var, bu yaşda milli komandanın formasını geyinmək hər futbolçuya nəsib olmur”. Apasport.az-ın vesti.az saytına istinadən məlumatına görə, bu sözləri “Neftçi”nin və Azərbaycan yığmasının üzvü Ruslan Abışov deyib.

2009-cu ilin yaddaşında xoş xatirələrlə qaldığını söyləyən gənc futbolçu “Neftçi”nin heyətində möhkəmlənməsini və milli komandada debütünü xüsusi vurğulayıb. Abışov bildirib ki, Finlandiya, Lixtenşteyn və Çexiya ilə qarşılaşmalar onun xatirəsində daha dərin izlər buraxıb: “Bəli, çexlərlə oyunda qol vurmağım da yaxşı yadımdadır. Görüşdən əvvəl məşqdə standart vəziyyətlər üzərində çox çalışmışdıq. Çexiya ilə oyunun son dəqiqələrində komandam künc zərbəsi vurmaq hüququ qazananda, irəliyə getmək lazım olduğunu anladım. Küncdən mənə ötürmə verildi və dəqiq baş zərbəsi ilə qol vurdum”.

“Neftçi”nin problemləri tədricən yoluna qoyacağına inanan Ruslan ötən il flaqmanda potensialının 50-60 faizini göstərdiyini deyib. Müdafiəçi, həmçinin xarici kluba transfer olmaq ehtimalına da toxunub: “Transfer məsələlərimlə qardaşım Sərxan məşğul olur. Bir neçə klubdan təklif almışam, yaxın zamanlarda danışıqlar müəyyən nəticə verə bilər. Bu ilin qışında xarici komandaya keçib-keçməyəcəyimi dəqiq söyləməyə çətinlik çəkirəm. “Neftçi” rəhbərliyi bir tərəfdən məni klubda saxlamaq istəyir, digər tərəfdən öz yetirməsinin əcnəbi komandaya keçidinə imkan yaradır. Flaqman rəsmiləri ilə ilkin danışığımız olub, ancaq yekun qərar verməmişik. İstənilən halda, rəhbərliyin iradəsinin əksinə getməyəcəyəm”.