Uyğun “Turan”la “Xəzər-Lənkəran”ı səhv saldı
05.01.2010 - 16:57
Uyğun “Turan”la “Xəzər-Lənkəran”ı səhv saldı
“Sivasspor” klubunun sabiq baş məşqçisi Bülənt Uyğunun apasport.az saytına müsahibəsi

- İşləriniz necə gedir?
- Çox sağ olun, yaxşıdır. Azərbaycandan edilən zəng məni çox məmnun etdi. Bir müddətdir futbolda çalışmasam da, hər halda, gərgin çalışmalarım davam edir. Hakan Şükürlə birgə fəaliyyət göstərirəm.

- Bildiyimizə görə, Hakanla birgə restoran açmısınız, ortaq biznesiniz var...
- Doğrudur. Özümü bu sahədə də sınamaq istəyirəm. İnşallah, işlərimiz uğurlu olar.

- Hər halda, əsas işiniz futbolla bağlıdır. Sizi nə vaxt yenidən məşqçilikdə görə biləcəyik?
- Danışıqlar gedir. Məşqçilik karyeramı harada davam etdirməklə bağlı çoxsaylı təkliflər almışam. Ancaq hələlik hansısa komanda ilə razılığa gəlməmişəm.

- Türkiyə mətbuatına açıqlamanızda Azərbaycandan təklif aldığınızı bildirmisiniz...
- Elədir. Türkiyə ilə yanaşı, Azərbaycanda da çalışmaq variantım var. Həqiqətən də ölkənizdən mənə dəvətlər edilib. Özü də 2-3 komandanızdan. Menecerlər vasitəsilə məni arayıblar.

- Sizə təklif göndərən komandalarımız konkret hansılardır?
- Onların adlarını açıqlamaq istəmirəm. Çünki ortada konkret bir şey yoxdur.

- Türk mətbuatı “Neftçi”nin sizi baş məşqçi postuna gətirəcəyini yazıb. Hətta iddia edilir ki, artıq klubla razılığa gəlib, bu gün müqavilə bağlayacaqsınız...
- Bu, doğru deyil. Belə bir şey olsaydı, deyərdim. Azərbaycanda işləməyə hazır olsam da, bunun reallaşması üçün münasib şərtlərin olmasını əsasdır.

- Konkret hansı şərtlərin?
- Bu, yaxşı şəraiti, infrastrukturu, güclü idarə heyəti, rəhbərliyi, hədəfləri böyük klub olmalıdır. Bu, Türkiyədə, Azərbaycanda və yaxud dünyanın hər hansı gözəl ölkəsində də ola bilər. Əgər tələblərimə cavab verən olsa, şərtlərdə razılaşsaq, böyük məmnuniyyətlə ölkənizdə çalışaram. Azərbaycan futboluna xidmət etmək mənim üçün şərəf olardı. Ancaq dediyim kimi, şərtlər məni qane etməlidir. Qismət olsa, nə vaxtsa Azərbaycanda işləyərəm.

- Yəqin ki, Azərbaycan futbolunu izləyirsiniz. Futbolunuz haqda hansı bilgiləriniz var?
- Azərbaycan futbolunu, milli komandanızı izləyirəm. Bilirəm ki, milli komandanız hələlik istənilən nəticəni verə bilmir. Yığmanızın yaxşı nəticələr əldə etməsini istəyirəm. Bunun üçün düzgün iş aparılmalı, sistem düzgün qurulmalıdır.

- Fatih Terimin istefasından sonra milli komandada baş məşqçi postu hələ də boş qalıb. Əsas namizədlərdən biri də siz sayılırsınız. Bunun reallaşmasını siz də çox istəyirsiniz, hətta Türkiyə yığmasında köməkçi məşqçi işləməyə hazır olduğunuzu bildirmisiniz...
- Variantlar arasında milli komanda da var. Hələ ki təklifləri götür-qoy edirəm. Məşqçiliyə qayıdacağım vaxt dəqiq bəlli deyil. İlk öncə şərtlərdə anlaşmağımız lazımdır.

- Türkiyə yığmasında çalışmağı hər bir məşqçi arzulayar. Belə bir variantınız olduğu halda, Azərbaycanda çalışmaqda maraqlı olmağınızın əsas səbəbi nədir?
- Biz ilk növbədə qardaş ölkələrik. Azərbaycanlılar bizim üçün doğmadır. Dövlət başçısı İlham Əliyevin idmanı necə sevdiyini bilirəm. Onun idmanın, o cümlədən futbolun inkişafı üçün böyük işlər görməsindən xəbərdaram. Futbolunuzun inkişafı üçün müəyyən layihələrin, planların həyata keçirilməsi gərəkdir. Mən ölkənizdə çalışmaqla bunda yaxından iştirak edə bilərəm. Onu da yaxşı bilirəm ki, Azərbaycanda da bizləri çox sevirlər. Ölkənizdə Türkiyənin 4 böyük klubu – “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor”u azarkeşlərin çoxdursa, “Sivasspor”un uğurlu çıxışından sonra onun da sevənlərin artması haqda məlumatım var. Bu, məni sevindirir.

- İlqar Qurbanovun “Fənərbaxça”dan “Sivasspor”a keçidində siz təşəbbüskar olsanız da, komandanızda möhkəmlənə bilmədi. Bunu nə ilə əlaqələndirərdiniz?
- İlqarı böyük ümidlərlə transfer etmişdik. Ancaq təəssüf ki, aldığı zədə “Sivasspor” karyerasında önəmli iz buraxdı. Bu, Qurbanovu geri saldı və nəticədə yetərincə oyun praktikası qazana bilmədi.

- Hazırda vətəndə çıxış edən İlqar yenidən Türkiyədə oynamaq istəyir. Siz bu perspektivə necə baxırsınız?
- Mən onu “Fənərbaxça”da olduğum dövrdən yaxşı tanıyıram. Bu klubda yetişən Qurbanovun gələcəyinə nikbin baxıram. Fikrimcə, hazırlıq durumu qənaətbəxş olsa, yenə Türkiyədə oynaya bilər. Onun hələ öz sözünü deyəcəyinə inanıram.

- Son il yarımdır “Xəzər-Lənkəran”da çıxış edən həmyerliniz Devran Ayhanla bolqar hücumçu İvan Svetkov da vaxtilə “Sivasspor”da rəhbərliyiniz altında oynayıb...
- Onlar haqda da məlumatım var. Dediyim kimi, Azərbaycan futbolunu izləyirəm. Orada baş verənlərlə maraqlanıram və işləmək istəyim də var. Bunun üçün hədəfi böyük, prezidenti güclü olan klub lazımdır.

- “Bakı”nın baş məşqçisi olan adaşınız – Bülənt Korkmazla əlaqəniz olurmu? O, sizə nə tövsiyə edir?
- Bülənt Korkmaz mütəmadi danışırıq. O, mənə futbolunuz haqda lazımı məlumatlar verir. Korkmaz da Azərbaycanda çalışmağımı arzulayır. O, “sənin kimi hocanın işləməsi yaxşı, bura gəlişin çox gözəl olardı” deyir. Hesab edir ki, bununla ölkə çempionatınızda rəqabət daha da artardı. Bunları eşitmək mənim üçün çox xoşdur.

- Azərbaycana ilk səfəriniz futbolçu kimi olub. 16 il öncə UEFA kubokunda “Fənərbaxça”nın heyətində bizə rəqib olmusunuz. Avrokuboklarda bizə ilk qol vuran futbolçu da sizsiniz...
- 1994-cü ilin avqustunda keçirilən həmin oyunları xatırlayıram. Yadımdadır ki, İstanbulda 5:0 hesabı ilə qalib gəldiyimiz oyunda hesabı mən açmışdım.

- Bəs həmin qolu hansı komandamıza vurduğunu xatırlayırsınız?
- Hansı komanda? Əyalət təmsilçisi olması yadıma gəlir. Deyəsən, Lənkəran “Xəzər”i idi. Elədir?

- Yox. Bu, Tovuzun “Turan” klubu idi.
- Hə, indi dəqiq xatırladım. Bu komandanı hər iki oyunda məğlub etdik. Səfərdə keçirilən cavab görüşündə 2:0 hesablı qələbə qazandıq.