“7 və 14 nömrəni Vaqifə verməzlər, çünki...”
06.01.2010 - 12:31
“7 və 14 nömrəni Vaqifə verməzlər, çünki...”
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Hollandiyanın “Tvente” klubunda 20 nömrəli formanı geyinmək istəyir. Bu barədə apasport.az saytına futbolçunun atası Füzuli Cavadov məlumat verib. Onun bildirdiyinə görə, oğlu “Qarabağ”da olduğu kimi, yeni klubunda da bu nömrəni daşımağı arzulayır.

“Öncə keçidi rəsmiləşdirməliyik. Əsas budur, formanı isə hollandlar verəcəklər. Əlbəttə, Vaqifin “Tvente”də də 20 nömrəli formanı geyməsi yaxşı olardı və bu istəyimizi bildirmişik. Oğlumun sevdiyi 7 və 14 nömrələrlə Hollandiyada çıxış etməsi real deyil. Vaqifin milli komandamızda daşıdığı 7 nömrə Avropada sayılıb-seçiləndir. Yəni həm onu, həm də Hollandiya futbolunun əfsanəvi olan Yohan Kruiffin daşıdığı 14 nömrəni hər oyunçuya verməzlər. Hər halda, hansı formanı versələr, onu da götürəcəyik” - deyə ata Cavadov bildirib.

Qeyd edək ki “Tvente”nin ölkə daxili yarışlar üçün iştirak ərizəsində 1-dən 29-a qədər nömrələr arasında yalnız 21-in boş olduğunu görmək mümkündür. Cavadovlar həmin nömrəni qəbul etməyə hazırdırlar. “Tvente”də Vaqifin istədiyi “20 nömrə”ni isə holland həmkarı Luk De Yonq daşıyır. Keçən ilin iyulundan “Qrafşap” klubundan transfer olunan 20 yaşlı hücumçu cari mövsümdə 5 oyunda 4 qol vurub, Avroliqada isə 2 görüşdə (20 dəqiqə) iştirak edib.