Əliyev MOİK-dən istefa verdi
06.01.2010 - 15:52
Əliyev MOİK-dən istefa verdi
Azərbaycan çempionatının I divizionunda mübarizə aparan Mərkəzi Ordu İdman Klubunda (MOİK) baş məşqçi dəyişikliyi olub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Ramil Əliyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Bundan sonra ordu komandasını Əliyevin köməkçisi Siyasət Əsgərov çalışdıracaq.

“Hərbçilər” sabahdan etibarən yeni baş məşqçi Siyasət Əsgərovun rəhbərliyi atında ikinci dövrənin hazırlığına start verəcəklər. Hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama matçının keçirilməsi planlaşdırılıb. Birinci dövrədən sonra komanda 21 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ramil Əliyev 2004-cü ildən etibarən MOİK-də əsas komandanın baş məşqçisi və məşqçisi, eləcə də əvəzedici heyətin baş məşqçi vəzifələrini daşıyıb. O, 2008-ci ildə ordu klubunu I liqadan güclülər dəstəsinə yüksəltməklə, ən böyük uğuruna imza atıb.