“Olimpik-Şüvəlan”a gələn legionerlərin adları məlum oldu
06.01.2010 - 17:14
“Olimpik-Şüvəlan”a gələn legionerlərin adları məlum oldu
“Olimpik-Şüvəlan” baxışa 6 futbolçu dəvət edib. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Nazim Süleymanov məlumat verib.

44 yaşlı mütəxəssis bildirib ki, Ukrayna, Belçika, Serbiya, Fransa, Litva və Moldovadan futbolçular gözləyirlər: “Ukraynalı hücumçu Oleq Kovalenko 21 yaşlılardan ibarət yığma komandasında oynayıb. Son vaxtlar Estoniyada çıxış edib. Moldovalı Aleksandr Zuranın 24 yaşı var. Vətənində “Daçiya”nın şərəfini qoruyub, hücuma meylli oyunçudur. Aleksandr cinah hücumçusu kimi oynaya bilər. Yassine Benayba Belçikada yaşayan fransalıdır. 25 yaşlı bu futbolçu oyun qurucusu, hücumçuların arxasında çıxış edir. 23 yaşlı litvalı İqnedeus Kazimiçka vaxtilə gənclər yığmasının üzvü olub. O, son vaxtlar Estoniyada top qovub. 27 yaşlı serbiyalı Vladimir Jaçkov da hücuma meylli oyunçudur. Fransalı Qoran Jerkoviç isə müdafiəçidir, Belçikada oynayıb”.

Baxışa gələnləri Bakıda iki yoxlama oyununda sınayacağını vurğulayan Süleymanov “Neftçi” ilə yanvarın 12-də İsmət Qayıbov adına Bakıxanov adına qəsəbə stadionundakı görüşə qədər də sınaq matçının keçiriləcəyini bildirib: “Yanvarın 10-da “Standard”la “Şəfa” stadionunda yoxlama oyunu keçirəcəyik. Baxışa çağırdığımız legionerlərin hamısı bu görüşlərədək gəlməlidirlər. Onları həmin oyunlarda sınadıqdan sonra müəyyən qərar verəcəyik. Ola bilsin ki, gələnlərdən hansılarınısa Türkiyəyə də apardıq, oradakı hazırlıq prosesimizdə bir daha sınadıq. Doğrudur, müqaviləsi olan legionerləri almaq elə də sərf etmir. Çünki bu halda, onlara görə əlavə xərcə düşməli olursan. Açığı, legionerlər öz futbolçularımızdan bir baş üstün olacaqsa, onları transfer edəcəyik. Azərbaycan səviyyəsində normal, seçilən legionerlər almaq istəyirik”.

Qeyd edək ki, “Olimpik-Şüvəlan” transferə çıxardığı futbolçulardan üçü legioner - fransalı Ender Günlü, belaruslu Artyom Vaskov, latviyalı Nikolay Kozaçuk, ikisi yerli futbolçular Füzuli Məmmədovla Vasif Haqverdiyevdir.