Nazim Süleymanov: Böyük transferlər etmək fikrində deyilik
07.01.2010 - 00:05
Nazim Süleymanov: Böyük transferlər etmək fikrində deyilik
“Cari mövsümdə böyük transferlər etmək fikrində deyilik. Biz daha çox gələn mövsümə diqqət yetirib, həmin vaxt üçün güclü komanda yaratmağa çalışacağıq. Komandamıza cəlb etmək istədiyimiz yerli futbolçular əsasən gənclərdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Qış fasiləsində 5 futbolçunu transferə çıxaran 44 yaşlı çalışdırıcı yeni oyunçular axtarışındadır: “İndi təcrübəli futbolçular transfer etmək çətindir. Çünki onların öz klubları ilə müqavilələri var. Təcrübəlilər indiki komandalarında çıxışını davam etdirirlər. Bu səbəbdən yerli transfer bazarında əsas diqqətimizi gənclərə yönəldəcəyik”.

Hələ qış fasiləsinə qədər “Olimpik-Şüvəlan”dan bəzi futbolçuların gedəcəyi haqda söz-söhbətlər gəzməyə başladı. Bu mənada Premyer Liqamızın da bombardiri olan moldovalı hücumçu Anatoli Doroş, komandanın kapitanı Aqil Nəbiyev və Türkiyədən böyük ümidlərlə transfer edilən İlqar Qurbanovun adı daha çox hallanırdı. Hər halda, yeni təkliflər alan futbolçular qış fasiləsində gedəcəklərini istisna etmirdilər.

Ancaq Süleymanovun sözlərinə görə, Doroş, Nəbiyev, Qurbanov hazırda komandanın üzvüdürlər: “Aqillə bağlı deyilənlər “transfer pəncərəsi” açılandan sonra yayılmağa başladı. Onunla söhbətim olub. Nəbiyev komandamızda qaldığını, digər kluba getmək istəmədiyini bildirdi. Doroşla da mümkün gedişi ilə bağlı söhbətləşmişəm. O, belə söz-söhbətləri eşitdiyini, ancaq özünə təklif gəlmədiyini və heç bir yerə fikrində olmadığını deyir. İlqar isə hələ ki düşərgəmizə gəlməyib. O, istirahətə ailəsinin yaşadığı Türkiyəyə yollanıb”.