Şahin Diniyev, “Aktobe” və fransalı legioner
07.01.2010 - 13:33
Şahin Diniyev, “Aktobe” və fransalı legioner
Şahin Diniyevin məşqçisi olduğu “Terek” “Bakı”nın “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda əsas rəqibi “Aktobe” klubunu sınağa çəkəcək. Apasport.az saytının məlumatına görə, oyun bu komandaların hazırlıq keçdikləri Türkiyənin Antalya şəhərində baş tutacaq. Görüşün yanvarın 10-da gerçəkləşməsi ilə bağlı danışıqlar gedir.

“Aktobe” Türkiyədə ilk yoxlama oyununu sabah adı açıqlanmayan yerli kluba qarşı keçirəcək. Sonuncu sınaq matçının isə yanvarın 12-də olması nəzərdə tutulub. “Aktobe”nin direktoru Vasili Yurçenko çoxlu futbolçuları sınadıqlarını və Fransadan bir legionerin yolunu gözlədiklərini söyləyib: “Agentlə söhbətimiz oldu və o, bizə fransalı futbolçu təklif etdi. Həmin legioner komandamızın təlim-məşq toplanışına təşrif buyurmalı olsa da, hələ də gəlib çıxmayıb”.

Qeyd edək ki, “Bakı” da “Aktobe” kimi Antalyada hazırlıq keçir və iki yoxlama oyununda qüvvəsini sınayacaq. Hər iki komanda yanvarın 14-də Türkiyədəki hazırlıq prosesini başa vuraraq, “Birlik kuboku”nun təşkil olunacağı Moskvaya yollanacaq. “Bakı” ilə “Aktobe” qrupda son oyun çərçivəsində, yanvarın 19-da qarşılaşacaq.