Vaqif Cavadov dünyanın 18-ci klubunda!
07.01.2010 - 15:36
Vaqif Cavadov dünyanın 18-ci klubunda!
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov dünyanın 18-ci komandasına keçir. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın 21 yaşlı futbolçusunun yaxın günlərdə rəsmi müqavilə imzalayacağı Hollandiyanın “Tvente” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) ötən illə bağlı yekun sıralamasında 18-ci yerdə qərarlaşıb.

Ötən ayla müqayisədə 4 pillə geriləyən Enşede təmsilçisinin hesabında 201,5 xal var. Maraqlıdır ki, “Tvente”nin ən yaxın izləyicisi ölkə çempionatında olduğu kimi, PSV klubudur. Cavadovun yeni komandası Hollandiyanın İFFHS-nın sıralamasındakı təmsilçiləri arasında ən yüksək reytinqə malikdir. “Tvente” Madrid “Real”ı, “Liverpul”, “Qalatasaray”, “Fənərbaxça”, “Yuventus”, “Milan” kimi klubları qabaqlayır.

İFFHS-nin açıqladığı 350 ən yaxşı klub arasında postsovet məkanının 27 təmsilçisi var. “Qarabağ”dan öndə “Şaxtyor” (Donetsk, 4-cü yer), “Dinamo” (Kiyev, 41), MOİK (Moskva, 51), BATE (Borisov, 68), “Metallist” (Xarkov, 98-ci), “Bunedkor” (Daşkənd, 100), “Paxtakor” (Daşkənd, 102), “Metallurq” (Donetsk, 103), “Rubin” (Kazan, 109), “Ventspils” (Ventspils, 113), “Zenit” (Sankt-Peterburq, 125), “Dinamo” (Tiflis, 188), “Vetra” (Vilnüs, 198), “Zestafoni” (Tiflis, 216), “Neftçi” (Fərqana, 219) klubları yer alıb. Ağdamlılar “Dinamo” (Moskva, 236), “Pünik” (İrəvan, 276), “Moskva” (Moskva, 299), “Tavriya” (Simferopol, 302), “Metallurq” (Liepaya, 304), “Vorskla” (Poltava, 319), “Dinamo” (Minsk, 331), “Suduva” (Mariyampole, 334), “VİT-Corciya” (Tiflis, 347), “Dnepr” (Dnepropetrovsk, 349) klublarını qabaqlayır.

Qeyd edək ki, “Bakı”nın “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində rəqiblərindən yalnız “Aktobe” klubu İFFHS-nin siyahısında yer alıb. Özü də Qazaxıstan çempionu sonuncu yerə beş şərikdən biridir. “Bakı”nın digər rəqiblərindən Tacikistanın “Vaxş” və Finlandiyanın HİK klublarına dünyanın ən yaxşıları arasında yer tapılmayıb.