Xosep Qvardiola apasport.az-dan da səs aldı
08.01.2010 - 10:48
Xosep Qvardiola apasport.az-dan da səs aldı
Dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) öz nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Xosep Qvardiola 2009-cu ilin ən yaxşı klub məşqçisi seçilib.

İspaniyanın “Barselona” klubuna ölkə çempionluğu, kuboku, superkuboku, Çempionlar Liqası (ÇL), UEFA Superkuboku, həmçinin dünya çempionu titullarını qazandıran mütəxəssis sorğuda 300 xal toplayaraq həmkarlarını arxada qoyub. Avropanın ən nüfuzlu klub turniri olan ÇL-in finalında “Barselona”ya uduzan İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson 137 xalla ikinci yeri tutub.

“İnter”lə İtaliya çempionu olan Joze Mourinyo cəmi 66 xal toplasa da, bu üçüncü pilləni tutmaq üçün yetərli olub. İFFHS-in nümayəndələri ümumilikdə 18 məşqçiyə səs verib.

Qeyd edək ki, İFFHS-in sorğusunda qurumun Azərbaycan üzrə nümayəndəsi, apasport.az saytının əməkdaşı Vüqar Xeyrullayev də iştirak edib. O, planetin ən yaxşı klub məşqçisini düzgün müəyyənləşdirərək, 1-ci yeri Qvardiolaya verib.