“Onun “Neftçi” klubuna keçidi həqiqətən də real idi”
08.01.2010 - 12:13
“Onun “Neftçi” klubuna keçidi həqiqətən də real idi”
“Karvan” “İnter” klubunda oynayan gənc futbolçuları icarəyə götürmək istəyir. Bu haqda apasport.az saytına məlumat verən paytaxt komandasının prezidenti Georgi Nikolov bildirib ki, bununla bağlı “Karvan”dan rəsmi müraciət alıblar.

Nikolovun sözlərinə görə, yevlaxlılar müdafiəçi Şəhriyar Rəhimov, yarımmüdafiəçi Rövşən Əmiraslanov və hücumçu Asif Məmmədovun xidmətində maraqlıdırlar: “Həmin futbolçulara oyun praktikası lazımdır. Ehtiyatda qalmaqdansa, digər kluba icarəyə verilmələri daha məqsədəuyğun olardı. Düzdür, Asif Şəhriyar və Rövşənlə müqayisədə daha çox oyun praktikası qazanır. Baş məşqçimiz Kaxaber Sxadadze onu hələ “Standard”da rəhbərliyi altında oynadığı dövrdən tanıyır və arabir şans verir. Biz istərdik ki, bu futbolçuların üçünü də icarəyə verək. Onlar sırasına təcrübəli hücumçumuz Xaqani Məmmədovu da aid edirik. Ona da ehtiyatda qaldığı üçün oyun praktikası lazımdır”.

“İnter” hələlik yalnız keçmiş kapitanı Əliyar İsmayılovla yollarını rəsmən ayırıb. Sxadadzenin gəlişindən sonra ehtiyata düşən 34 yaşlı dağıstanlı müdafiəçi getməyi üstün tutub: “Biz onunla müqaviləni qarşılıqlı razılıqla pozaraq, azad agent statusu verdik. Artıq karyerasının qürub çağını yaşayan Əliyarın ehtiyatda oturmaq vaxtı deyil. İsmayılov oynamaq istəyir və biz də belə imkan yaratmışıq. O, artıq başqa kluba sərbəst keçə bilər. Serbiyalı futbolçular Milan Zaqorats və Qoran Arnautla da yollarımızı ayırmaq nəzərdə tutulub. Ancaq müdafiəçi Xəyal Mustafayevlə çexiyalı yarımmüdafiəçi Lübomir Kubitsanı komandamızda saxlayırıq”.

Nikolov Cavid Hüseynovu əldən buraxmaq istəmədiklərini söyləyib: “Azərbaycan milli komandasının da üzvü olan gənc futbolçumuzun “Neftçi”yə keçidi həqiqətən də real idi. Hər halda, bu komandadan Cavidə ciddi maraq var idi. Əslində, Hüseynovu hələ yayda “Qarabağ” Elvin Məmmədovla birgə almaq istəyirdi. Bundan az sonra əsgərliyə çağırılan Cavidin futbola qayışı ilə bağlı AFFA ilə birgə çoxsaylı səylərimiz nəhayət, öz bəhrəsini verdi. Bu əziyyətdən sonra Hüseynovla vidalaşmağı düzgün saymadıq və futbolçu da qalmağı üstünlük verdi. Anlaşmasını uzatmağa qərar verən Cavid yaxşı futbolçu olmaqla yanaşı, həm də yaxşı insandır”.