Daha üç futbolçu “Qəbələ”dən uzaqlaşdırıldı
09.01.2010 - 00:04
Daha üç futbolçu “Qəbələ”dən uzaqlaşdırıldı
“Qəbələ” daha üç legionerlə vidalaşıb. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Ramiz Məmmədov məlumat verib. 42 yaşlı çalışdırıcı ötən yay transfer etdikləri serb müdafiəçi Milan Marinkoviç, ukraynalı müdafiəçi Mikola Hibalyuk və ukraynalı yarımmüdafiəçi Vladimir Bondarçuku transferə çıxardıqlarını bildirib.

“Onlar az oynadılar, heyətdə möhkəmlənə bilmədilər və legioner kimi bəslədiyimiz ümidləri doğrultmadırılar. Ancaq transfer vərəqələri bizdədir və almaq istəyənlər “Qəbələ”yə müraciət etməlidirlər” – deyə Məmmədov vurğulayıb.

Az öncə polşalı hücumçu Tomaş Stolpanı intizamsızlığa görə qovan “Qəbələ”də “təmizləmə əməliyyatı” davam edəcək: “Yenə vidalaşacağımız futbolçular arasında yerlilər də olacaq. Onların adlarını hələ dəqiqləşdirməmişik. Artıq hazırlığa başlamışıq və yeni transferlər bağlı işlər gedir. Maraq dairəmizə düşən bəzi yerli futbolçuların müqavilələri olduğu üçün danışıqlar aparmaq lazımdır. Hazırda düşərgəmizdəki yeni futbolçular baxışa gələn 5 legionerdir. Bizə Makedoniya, Serbiya, Rumıniya, Belarusdan legionerlər təklif olunub”.

Qeyd edək ki, 24 yaşlı Marinkoviç “Qəbələ”nin heyətində Premyer Liqada 1 (14 dəqiqə), 26 yaşlı Hibalyuk 11 (803 dəqiqə, 2 sarı), 29 yaşlı Bondarçuk 14 oyun (988 dəqiqə, 3 sarı vərəqə) keçirib. Mikoladan (1 oyun, 54 dəqiqə) fərqli olaraq Milan və Vladimir Azərbaycan kubokunda iştirak etməyib.
0