Şok: Futbolda hələ belə şey olmamışdı!
11.01.2010 - 09:58
Şok: Futbolda hələ belə şey olmamışdı!
Anqolada təşkil olunan Afrika Millətlər Kubokunun açılış matçı sensasiya ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, turnirin ilk oyununda meydan sahibləri ilə qarşılaşan Mali yığması futbol tarixində görünməmiş hadisəni gerçəkləşdirib. Belə ki, Mali futbolçuları 0:4 hesabı ilə uduzduqları halda, son 12 dəqiqədə 4 qol vuraraq, məğlubiyyətdən yaxa qurtarıblar.

Matçda üstünlüyə malik olan Anqola milli komandası fasiləyə 2:0 hesabı ilə öndə yollanıb. 78-ci dəqiqəyədək anqolalılar daha 2 dəfə rəqibi cəzalandırıblar. Lakin sona yaxın gözlənilmədən oyunun axarı tərsinə dəyişib. Mali yığması “Barselona”da çıxışı ilə tanınan Saidu Keytanın dublu, “Sevilya”nın şərəfini qoruyan Frederik Kanut, həmçinin Yatabarenin qolları ilə bir xal qazanıb hesabı fantastik dərəcədə dəyişdiriblər - 4:4. Özü də onlar axırıncı iki qolu 90+3 və 90+4-cü dəqiqələrdə vurublar.

Yeri gəlmişkən, Afrika Millətlər Kubokunda Unibank Premyer Liqası da təmsil olunur. Salyanın “Muğan” klubunun futbolçusu Narsis Yameoqo Burkina Faso yığmasının heyətində Anqolaya yollanıb.

Qeyd edək ki, komandanın böyük hesabla uduzduğu halda, qeyri-adi şəkildə məğlubiyyətdən yaxa qurtarmasına dair son olay 2005-ci ildə olub. Həmin ilin mayında Çempionlar Liqasının finalında “Liverpul” birinci hissədə “Milan” 0:3 hesabı ilə uduzub. Fasilədən sonra ingilislər 3 qol vuraraq, tarazlığı bərpa edib və hətta oyunsonrası penaltilər seriyasının dəqiq yerinə yetirərək, sensasion qələbə imza atmışdılar.
0