Yığmamızın sabiq futbolçusu Protasovun komandasında
11.01.2010 - 09:49
Yığmamızın sabiq futbolçusu Protasovun komandasında
Azərbaycan milli komandasının daha bir sabiq futbolçusu Rusiya Premyer Liqa klubunda yer alıb. Apasport.az saytının məlumatına görə, yığmamızda və “Neftçi” komandasında çıxışı ilə tanınan qapıçı Aleksandr Jidkov “Rostov”da çalışacaq. 44 yaşlı veteran futbolçu qapıçılarla işləyən məşqçi vəzifəsinə təyin olunub. O, bu postda “Rostov”un gənclərdən ibarət komandasında qapıçılarla işləməyə başlayan Ramil Valeyevi əvəzləyib.

“Rostov”un təmsil etdiyi Rostov-na-Donu şəhərinin idman internatının yetirməsi olan Jidkov uzun fasilədən sonra doğma məkana qayıdıb. Üstəlik, Aleksandrın “Rostov”un yeni baş məşqçisi Oleq Protasovla birgə ötən əsrin 80-ci illərinin sonunda Kiyev “Dinamo”sunda birgə oynadığını nəzərə alsaq, o, keçmiş komanda yoldaşının yanına gəlib.

Qeyd edək ki, futbolçu kimi Rusiyada “Anji” və “Tom” klublarında forma geyinmiş Jidkovun məşqçilik karyerası da Rusiya ilə bağlıdır. O, indiyədək “Torpedo-Metallurq” (2004-cü il), “Oryol” (2005-ci il), “Tom” (2006-cı il, 2008-ci il) və “Volqa”da (Tver, 2009-cu il) qapıçılarla işləyən məşqçi olub. Milli komandamızda 21 oyun keçirmiş (1994-98-ci illərdə) Aleksandr 1987-ci ildə SSRİ idman ustası adını alıb.
0