“Qarabağ” Rusiya çempionuna qarşı
11.01.2010 - 10:21
“Qarabağ” Rusiya çempionuna qarşı
Ağdamın “Qarabağ” klubunun Türkiyə toplanışındakı rəqiblərindən biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Antalya hazırlığı zamanı Rusiyanın “Anji” klubu ilə üz-üzə gələcək.

Bu ildən yenidən Premyer Liqada çıxış edəcək Mahaçqala təmsilçisi ilə görüş yanvarın 17-də keçiriləcək.

Yeri gəlmişkən, hazırda Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovu baxışdan keçirən rusiyalılar müdafiəçini həmyerlilərinə qarşı sınaqda da yoxlamaq fikrindədir. Bakının “İnter” klubunun sabiq futbolçusu “Anji”nin heyətində Qazaxıstan çempionu “Aktobe”yə qarşı da oynaya bilər. Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Birlik kuboku”nda “Bakı” ilə eyni qrupda yer alan bu komanda ilə mahaçqalalılar sabah görüşəcək. Yanvarın 13-də Almaniyanın “Ştutqart II” klubu ilə oynayacaq Mahir və komandası ayın 15-də və 18-də də iki yoxlama matçı keçirmək niyyətindədir ki, rəqiblər hələ müəyyənləşməyib.

Qeyd edək ki, “Anji” ötən mövsüm Rusiya çempionatının birinci divizionunda çempion adını qazanaraq Premyer Liqaya vəsiqə qazanıb.
0