Toqo millisi Afrika Millətlər Kubokundan rəsmən imtina etdi!
11.01.2010 - 10:28
Toqo millisi Afrika Millətlər Kubokundan rəsmən imtina etdi!
Toqo milli komandası Afrika Millətlər Kubokuna qatılmaqdan rəsmən imtina edib. Apasport.az saytının xəbərinə görə, turnirin təşkilatçısı Afrika Futbol Konfederasiyası bununla bağlı məlumat yayıb. Bildirilir ki, Kabinda otelində qurumun nümayəndələri, habelə Anqola və Toqo hökumətləri arasında danışıqlar heç bir fayda verməyib.

Məlum olduğu kimi, Toqo yığması turnirin startına az qalmış anqolalı FLEC separatçı qrupunun hücumuna məruz qalıb. Komanda üzvlərinin yer aldığı avtobus Konqodan məşqdən qayıdan zamanı Kabindada gülləbaran edilib. Nəticədə 3 nəfər həlak olub, 9-u isə yaralanıb. Bunlardan 2-si futbolçu idi. Bu insidentdən sonra Toqo hökuməti futbolçulardan turnirdən imtina etməyi və Anqolanı təhlükəsizlik məsələlərinə görə tərk etməyi tələb edib. Toqonun baş nazirinin tələbi isə Anqola tərəfinin baş verənlərə görə rəsmən üzr istəməsidir.

Qeyd edək ki, Afrika Mİllətlər Kuboku dünən paytaxt Luandadakı stadionunda start götürüb. Anqolanın prezidenti Eduardo dos Santos açılış mərasimində çıxışında toqolu futbolçulara hücumu tənqid edib. Təqvimə görə, Toqo ilk oyunu bu gün Qanaya qarşı keçirməli idi. Emmanuel Adebayorun lideri olduğu Toqo yığmasının digər rəqibləri Kot-d’İvuar və “Muğan”ın yarımmüdafiəçisi Narsis Yameoqonun heyətində yer aldığı Burkina-Faso yığması idi.
0