Vaqif Cavadovun yeni komandası “Neftçi”nin aqibətini yaşadı
13.01.2010 - 09:19
Vaqif Cavadovun yeni komandası “Neftçi”nin aqibətini yaşadı
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun transfer olduğu Hollandiyanın “Tvente” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçumuzun komandası Belçikanın “Anderlext” klubu ilə üz-üzə gəlib. İspaniyanın La Manqa şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan görüşdə “Tvente” biabırçı məğlubiyyətlə barışıb - 0:5.

Belçikalılar Stiv Maklarenin yetirmələrini artıq ilk 20 dəqiqədə darmadağın ediblər. Busufa 3-cü, Martines 10-cu, Leqear isə 20-ci dəqiqədə fərqlənib. Kanu (83-cü dəq.) və Lukakunun (85-ci dəq.) qolları isə “Tvente”nin rüsvayçı hesabla uduzmasını rəsmiləşdirib. Vaqif “Tvente”nin İspaniyaya getməsindən sonra müqavilə bağladığına görə, səfərə aparılmayıb və bu görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki, “Anderlext” bizə yaxın olan komandaları 5 cavabsız qolla keçməkdə ixtisaslaşıb. Belçika təmsilçisi Çempionlar Liqasının təsnifat mərhələsinin 2005/06 mövsümündə Bakının “Neftçi” klubunu, ötən yay isə Türkiyə “Sivasspor”unu eyni hesabla üstələyib.
0