Rusların 5 illik “Birlik kuboku” həsrəti bitdi
25.01.2010 - 10:27
Rusların 5 illik “Birlik kuboku” həsrəti bitdi
Rusiyanın “Rubin” klubu “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin yeni qalibi olub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Kazan təmsilçinin əvəzedici komandası finalda Qazaxıstanın “Aktobe” klubunu böyük hesabla məğlub edib – 5:2.

Görüşün həlledici anı “Aktobe”nin liderlərindən olan Uluqbəy Asanbayevin 60-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulması olub. “Rubin” məhz bundan iki qol vuraraq inamlı qələbə qazanıb. Bununla da ölkəmizi turnirdə təmsil edən “Bakı” klubu ilə bir qrupda yer alan, onu ¼ finala çıxmağa qoymayan “Aktobe” ardıcıl ikinci il finalda büdrəyib. Qazaxıstan çempionu ötən il Moldovanın “Şerif” klubuna oyun sonrası penaltilər seriyasında yenildiyi üçün kuboku qazana bilməmişdi.

“Rubin” isə “Birlik kuboku”nun qalibi olan üçüncü Rusiya təmsilçisi olub. Buna qədər kuboka Moskva klubları – 1993, 1994, 1995, 1999, 2000 və 2001-ci illərdə “Spartak” və 2005-ci ildə “Lokomotiv” sahib çıxıb. Maraqlıdır ki, “Lokomotiv” Bakının “Neftçi” klubu üzərində qazandığı əzmkar qələbə (2:1) ilə turnirin qalibi olub.

Göründüyü kimi, ruslar komandamızı udandan bu yana “Birlik kuboku”na həsrət qalmışdı. “Lokomotiv”dən sonra “Neftçi”, 2007-ci ildə “Paxtakor” (Daşkənd), 2008-ci ildə “Xəzər-Lənkəran”, ötən il isə “Şerif” (Tiraspol) yarışda ən güclü olmuşdu.
0