Ukraynalı futzalçı: Azərbaycan yığmasından belə uğur gözləmirdim
25.01.2010 - 10:41
Ukraynalı futzalçı: Azərbaycan yığmasından belə uğur gözləmirdim
“Şəxsən özüm Azərbaycan milli komandasına qarşı oynamamışam. Lakin internet vasitəsilə oyunlarını izləmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Ukrayna milli komandasının futzalçısı Sergey Çepornyuk deyib.

Macarıstanda keçirilən Avropa çempionatının 1/4 final mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq slavyanların aparıcı oyunçularından olan Sergey UEFA-nın rəsmi internet saytına müsahibə verib. Futzalçı bu gün yığmamızla keçiriləcək oyun haqda da fikirlərini açıqlayıb: “Azərbaycan millisində 5 milliləşən braziliyalı və 2 rusiyalı çıxış edir. Özü də cənubi amerikalılar bir-biri ilə çox yaxşı anlaşırlar. Onlar nəyə qadir olduqlarını qrup mərhələsindəki rəqiblərini məğlub etməklə də sübut edib. Açığını deyim ki, onların startda belə uğurlu oynayacağını gözləmirdim”.

Çepornyuk yığmamızın gücünün sirrini bildiyini də gizlətməyib: “Ən vacib olanı ilk qolu buraxmamaqdır. Buna bacara bilməsək, braziliyalılar özlərini suda balıq kimi hiss edəcəklər. Topla oynayacaq, oyuna nəzarəti əllərində saxlayacaqlar. Bu onların “şah əsəri”dir. Düşünürəm ki, rəqibimiz ilk dəqiqələrdən topu ələ keçirməyə çalışacaq. Ümid edirəm ki, biz də onlara bunu etməyə imkan verməyəcəyik”.
0