Yaya Ture və Droqba Anqolanı tərk edir
25.01.2010 - 11:06
Yaya Ture və Droqba Anqolanı tərk edir
Afrika millətlər kubokunun ilk yarımfinalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Anqolada keçirilən turnirin 1/4 final mərhələsini qələbə ilə başa vuran Qana və Əlcəzair yığmaları finalın bir addımlığınadək irəliləyib.

Meydan sahibləri ilə qarşılaşan qanalılar Qyan Asamoanın vurduğu yeganə qolla məğlub edib. Digər qarşılaşma isə çempionatın əsas favoriti sayılan Kot-d’ivuarın məğlubiyyəti ilə əlamətdar olub. Yaya Ture və Didye Droqba başda olmaqla ulduzlar toplusuna malik yığma Əlcəzairlə görüşdə “triller”in iştirakçısı olub. Belə ki, matçın əsas vaxtının sonuna 1 dəqiqə qalmış, hesab 1:1 olarkən Abdulkader Keyta Kot-d’ivuar yığmasını irəli çıxarıb. Çoxları Türkiyənin “Qalatasaray” klubunda çıxış edən futbolçunun artıq oyunun taleyini həll etdiyini düşünüb. Lakin əlcəzairlilər matça əlavə olunan ikinci dəqiqədə bərabərlik qoluna imza atıb. Əlavə vaxtın ikinci dəqiqəsində isə Keytanın komandası daha bir qol buraxaraq məğlub olub – 2:3.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu bu gün keçiriləcək.
0