Məmmədov, Demyanenko və Markarov “Neftçi”nin sabiq baş məşqçisini yad etdi
25.01.2010 - 11:31
Məmmədov, Demyanenko və Markarov “Neftçi”nin sabiq baş məşqçisini yad etdi
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi İqor Nettonun xatirəsi Moskvada yad olunub. Apasport.az saytının məlumatına görə, “Olimpiyski” İdman Kompleksinin manejində Nettonun 80 illik yubileyinə həsr olunan görüşdə Moskvanın “Spartak” klubunun və SSRİ/Rusiyanın veteranlardan ibarət yığma komandasının veteranları üz-üzə gəlib.

Görüş iştirakçılarını Rusiyanın idman naziri Vitali Mutko ilə yanaşı, Rusiya Futbol İttifaqının (RFİ) prezidenti vəzifəsini icra edən Nikita Simonyan, habelə Moskvada səfərdə olan FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini alqışlayıb. Topa ilk toxunuşu Blatterlə Platini edib.

Gözlənildiyi kimi, yoldaşlıq görüşü sülhlə nəticələnib – 7:7. “Spartak”ın heyətində uzun illər bu komandada çıxış edən, artıq karyerasını bitirən 40 yaşlı azərbaycanlı futbolçu Ramiz Məmmədov meydana çıxıb. Digər komandanın heyətində isə bizlər üçün əsas diqqətçəkən isimlər “Neftçi”nin ukraynalı sabiq baş məşqçisi Anatoli Demyanenko və komandamızın heyətində 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan Eduard Markarov olub. Moskvada yaşayan erməni veteran futbolçu 68 yaşında meydana çıxıb. Demyanenko ilə Markarovun komandasına həmyerliləri – ukraynalı Oleq Bloxin, ermənilər Nikita Simonyanla Aleksandr Mirzoyan rəhbərlik edib. Bakıda anadan olan 59 yaşlı Mirzoyan 6 il “Neftçi”də oynayıb.

Görüşdən sonra Nettonun böyük qardaşı Lev Netto hər iki komandaya oyunda iştirakla bağlı gözəl kuboklar təqdim edib. Əfsanəvi Netto ilə birgə oynamış “Spartak”çı veteranlar isə klubdan və RFİ-dən hədiyyələr alıb.

Qeyd edək ki, 11 il əvvəl dünyasını dəyişən Netto futbolçu karyerası boyu “Spartak”a sadiq olub. Baş məşqçi kimi SSRİ ilə yanaşı, Kipr və Yunanıstan klublarında, həmçinin İran yığmasında çalışan mütəxəssisin son klubu “Neftçi” olub. 1979-cu ilin yanvarından iyununadək Bakı təmsilçisini çalışdıran Netto Azərbaycanı tərk edəndən sonra məşqçilik fəaliyyətini davam etdirsə də, baş məşqçi olmayıb.
0