Dmitri Kramarenko: “Spartak”a qarşı oynamaq həmişə xoşdur
25.01.2010 - 12:05
Dmitri Kramarenko: “Spartak”a qarşı oynamaq həmişə xoşdur
“Spartak”la görüşdə məğlubiyyətə görə də elə də üzülmürəm. Bu komandaya qarşı oynamaq həmişə xoşdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun qapıçısı Dmitri Kramarenko Rusiya mətbuatına açıqlamasında deyib.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran”la Moskvanın “Spartak” klubu yoxlama oyununda üz-üzə gəlib. Valeri Karpinin baş məşqçisi olduğu “Spartak”ın 3:1 hesabı ilə qalib gəldiyi oyunda hər üç qolu Dmitrinin qapısından keçirib. Rus həmkarlarımızın “Xəzər-Lənkəran”da tanıdıqları əsas futbolçu illərlə onların müxtəlif komandalarında çıxış edən Kramarenko olub.

Təcrübəli qapıçımız hesab edir ki, “Spartak”da arxada qalan illərdə bir neçə nəsil dəyişsə də, komandanın oyun üslubunda tanış cəhətlər var: “Spartak” istənilən halda özlüyündə qalır. Hətta onun heyətində çoxlu legionerlər və gənc futbolçular olsa belə. Həmişə “divar ötürməsi”, qısa ötürmələrlə oynayırlar. Mənə maraqlı idi”.

Kramarenko “Spartak”ın məşqçilər korpusunda yer alanlarla bir yerdə oynadığını da xatırlayıb: “35 yaşımda özümü əla hiss edirəm. Halbuki yaşıl meydanda kiminlə, kimə qarşı oynamış futbolçuların çoxu karyeralarını artıq bitirib. Hamısı tanış sifətlərdir: Karpin, Kleymenov... Yüksək liqada ilk oyunumu isə Rodionova qarşı keçirmişəm. Həmin vaxt 19 yaşım vardı...”
0