Kamran Ağayev: Vallah, adam belə şeylərdən iyrənir
25.01.2010 - 12:32
Kamran Ağayev: Vallah, adam belə şeylərdən iyrənir
Azərbaycan yığmasının və “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi

- Komandanın məşqlərində iştirak etməməyin nə ilə bağlıdır?
- Zədəm var. Antalyada toplanışının ikinci günü zədələndim. Həkimin məsləhəti ilə hələlik zədəmi sağaltmaqla məşğulam. İnşallah, Allahın köməyi ilə hər şey yaxşı olar.

- Qış fasiləsində xarici kluba keçmək məsələsi ilə bağlı son vəziyyət necədir?
- Mənim “Xəzər-Lənkəran”la müqaviləm var. Sizi necə başa salım, ortaq məxrəcə gələ bilmədik.

- Əgər doğrudan da real təklif var idisə, “Xəzər-Lənkəran”la müqavilə məsələsini razılaşdırmaq olmazdımı? Yəni, bu həm sənə xaricdə oynamaq, həm də kluba maddi baxımdan sərfəli olmazmı?
- Maddi baxım deyəndə ki, “Xəzər-Lənkəran”ın maliyyə problemi yoxdur. Klubun başında Mübariz Mənsimov kimi insan dayanıb. Nə qədər ki, Mübariz müəllim burdadır, inanmıram hər hansı maliyyə problemi olsun. Düzdür, hər kəsə pul lazımdır. Amma mən pula görə getmirəm. 4 ildir bu komandadayam, hələ bir dəfə də klubun prezidenti Mais Mənsimovla pul söhbəti etməmişəm. Nə veriblərsə, onu da almışam.

- Müqaviləniz olmasa, hansı klublara keçidin realdır?
- Müqaviləm olmasaydı... Düzünü deyim ki, Azərbaycanda başqa kluba keçməyi fikirləşməmişəm. Əgər “Xəzər-Lənkəran”la aramızda hər hansı problem yaranarsa, bəli, onda keçərəm. Bilirsiniz, 1-2 nəfərə görə bu komandadan ayrılmazdım. Burda hamı məni çox istəyir. Eləcə də, mən onları. Bir sözlə, “Xəzər-Lənkəran”ı başqa klubumuza dəyişmək istəmirəm. Bu komandada hər bir şərait var.

- Dediniz ki, bəzi klublardan real təklif almısınız. Heç olmasa, həmin ölkənin adını açıqlaya bilərsiniz?
- Yox, istəmirəm.

- Maraqlıdır ki, çoxları əcnəbi klublardan təklif aldığını deyir, amma ad çəkmirlər...
- Mən reklam olunmaq fikrində deyiləm. Hətta mənə yerli klublardan da təklif var. Futbolçuya təklif gələr də... Amma mənim deyiləsi sözüm var. Yəqin heç kim inciməz, futbolu elə vəziyyətə salıblar ki... Hərdən evdən çıxıram, biri mənə yaxınlaşıb deyir ki, çoxları futbola, milli komandaya tapşırıqla gəlib. Vallah, adam belə şeylərdən iyrənir. Başlayacaqsan mübahisə etməyə, axırda görürsən ki, futboldan anlayışı yoxdur. Susanda da, o başlayır gic-gic danışmağa. Görün, vəziyyət hansı həddə çatıb ki, hər şeyi rüşvətlə bağlayırlar. Utanmadan, arsız-arsız sual verirlər ki, biz də öz övladlarımızı milli komandaya düzəldə bilərikmi? Belə olmaz axı... Milli komanda hamının üzünə açıqdır. Bir də deyirlər ki, Azərbaycanda xaricdə oynamağa layiq futbolçu yoxdur. Təəssüf ki, bunu son vaxtlar çox insanlardan, hətta məşqçilərdən də eşidirəm. Onlara indiyədək fikir verməsəm də, məcburam ki, indi cavablarını verim. Həmin məşqçilər bir özlərinə də baxsınlar da. Düzdür, bu hamıya aid deyil. Onda mən də soruşuram, Azərbaycanda məşqçi varmı? Səviyyəsiz legionerlər gətirirlər Azərbaycana. Ad çəkmək istəmirəm, elə klub var ki, 10-15 legioner sınayır. Vallah belə şey olmaz. Şəxsən mən “Milan”a, yaxud “Barselona”ya baxışa getmərəm. Əgər yaxşı futbolçuyamsa, tanınmışamsa, birbaşa müqavilə bağlayaram. Dediyim odur ki, Azərbaycana lazımsız legionerlər gətirməkdənsə, Ronaldo səviyyəli futbolçular dəvət etmək lazımdır.

- Bəyəm Ronaldo səviyyəli futbolçu Azərbaycan çempionatında oynayar?
- Puluna minnət. Roberto Karlos kimi məşhur futbolçu “Fənərbaxça”nın formasını niyə geyindi? Karlosa baxıb başqası gəldi. Yavaş-yavaş Türkiyəyə adlı-sanlı futbolçular axışdı.

- Türkiyə və Azərbaycan çempionatları da heç müqayisəyə gəlmir...
- Mən misal üçün Ronaldonun adını çəkdim, o olmasın, Aleks olsun. Baxın, Rivaldo harda oynayır? O, Azərbaycana da gələ bilərdi. Bəlkə düz fikirləşmirəm? Yenə deyirəm, çempionatımıza elə legionerlər gəlir ki... Bəyəm Azərbaycanda futbolçu yoxdur?

- Hər halda, ölkəmizə Azərbaycan çempionatının səviyyəsinə uyğun legionerlər gəlir...
- Onda mən də deməliyəm ki, Azərbaycanda məşqçi yoxdur? Amma var axı... Bu mütəxəssislərdən istifadə etmək lazımdır. Yəqin ki, inciməzlər məndən. Bizdə klubsuz qalan bəzi futbolçular var ki, heç kimə lazım deyil. Gedib ölkə xaricində özlərinə komanda axtarırlar. Necə gedirlərsə, elə də geri qayıdırlar. Sonra da fikir formalaşır ki, Azərbaycanda səviyyəli futbolçu yoxdur. Amma məşqçi də, futbolçu da var. Təəssüf ki, xaricdə bəyənilən futbolçumuzu Azərbaycandan buraxmırlar. Hamı çempion olmaq istəyir deyə, futbolçularının xaricdə oynamasına imkan vermirlər.

- Amma “Qarabağ” Vaqif Cavadovun “Tvente”yə, “İnter” Mahir Şükürovun “Anji”yə keçidinə mane olmadı.
- Onların öz komandalarından necə, hansı şəraitdə çıxmasını mən yaxşı bilirəm. Niyə Ruslan Abışovu “Neftçi” buraxmadı? Çünki özlərinin də məqsədi var, öz mənafelərini fikirləşirlər.
0