Baco və Qvardiolanın komanda yoldaşı Azərbaycana gəlir
25.01.2010 - 12:56
Baco və Qvardiolanın komanda yoldaşı Azərbaycana gəlir
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” klubu Honduras yığmasının futbolçusu Miçel Braunu baxışa çağırıb. Apasport.az saytının məlumatına görə, vətənində “Marafon” komandasında çıxış edən 29 yaşlı hücumçu baş məşqçi Ramiz Məmmədovun etimadını qazanmağa çalışacaq.

2008-ci ildən başlayaraq yığmanın hazırlıqlarına cəlb olunan Braun karyerası ərzində yalnız bir rəsmi matçda meydana çıxmaq şansı qazanıb. Karyerasının qısa hissəsini Honduras klublarında oynamış Miçel zəngin legioner həyatı yaşayıb. Hələ 20 yaşında italiyalı seleksiyaçılar tərəfindən “kəşf olunan” istedad “Breşia” klubuna transfer olunub. Ancaq Roberto Baco, Xosep Qvardiola və Luka Toni kimi super ulduzlarla eyni komandada oynayan honduraslıya rəsmi matçlarda meydana çıxmaq nəsib olmayıb. Heyətə düşməkdə çətinlik çəkən Miçel okeanın o tayına qayıdıb, karyerasını Qvatemalada davam etdirir. Sonradan yenidən Avropaya üz tutan hücumçu 2006/07 mövsümündə Slovakiyanın “Tatra” klubunda çıxış edib. Bundan sonra “Marafon”a keçən Braun 2008-ci ildə icarə əsasında Çinin “Qinqdao Jonun” klubunda oynayıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə yalnız bir honduraslı futbolçu çıxış edib. Bu, ötən yaydan “Xəzər-Lənkəran”ın sıralarında olan hücumçu Allan Lalindir.
0