Honduraslı futbolçu: “Qəbələ” klubu məni bəyənməsə...
25.01.2010 - 13:42
Honduraslı futbolçu: “Qəbələ” klubu məni bəyənməsə...
“Qəbələ”nin düşərgəsinə getməyim lap yerinə düşdü. Orada oynamaqla həm futbol, həm maddi baxımdan artıra bilərəm. Azərbaycanda yalnız bir neçə klubda maliyyə çətinlikləri var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Honduras yığmasının futbolçusu Miçel Braun deyib.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin baxışa çağırdığı 29 yaşlı hücumçu aldığı təkliflə bağlı fikirlərini açıqlayıb. Miçel heyətində Honduras çempionu olduğu “Marafon”dan ayrılmasının da səbəbini dilə gətirib: “Düşünürəm ki, bu şansdan yararlanmağım ədalətli olardı. Bunun üçün əlimdən gələni edib mübarizə aparacağam. “Qəbələ”də sınaqdan keçə bilməsəm və ya danışıqlarımız baş tutmasa, baxışdan keçmək üçün başqa klubların düşərgəsinə gedəcəyəm. Artıq 29 yaşım var. Bu isə o deməkdir ki, karyeramın sonları olduğundan gələcəyimi düşünməliyəm. Vətənə qayıdası olsam, ilk variant “Marafon” olacaq”.

Futbolçunun yeni klub tapmasında vasitəçi olan Manrike Amador da məsələyə münasibətini bildirib: “Qəbələ” nümayəndələri Miçelin oyunlarının videoyazılarını izləyib. İndi də baxışdan keçməlidir. Məncə, onun keçidi baş tutacaq və yeni klubu ilə bir illik müqavilə imzalayacaq. Anlaşmanın “1+1 il” müddətinə nəzərdə tutulacağı da istisna olunmur”.

Qeyd edək ki, Braun 2008-ci ildən başlayaraq dəvət aldığı Honduras yığmasının heyətində 1 rəsmi oyun keçirib.
0