Pele və 312 izləyicisi
25.01.2010 - 14:38
Pele və 312 izləyicisi
Futbol tarixinin ən məhsuldar hücumçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatların güclülər dəstəsində 200 və daha çox vuran futbolçuların cədvəlini yeniləyib.

Ümumilikdə 313 oyunçunun yer aldığı siyahıda ilk yeri Pele tutub. Braziliyalı “Futbol kralı” 541 qol vurub. İlk “üçlük”də yer alan çexoslovakiyalı Yozef Biscan 518, macar Ferents Puşkaş 511 dəfə fərqləniblər. Azərbaycan futbolçularının yer almadığı siyahıda Türkiyə yığmasının 5 sabiq üzvü qərarlaşıb. Hakan Şükür 83-cü (268 qol), Tanju Çolak 146-cı (239), Oktay Mətin 195-ci (226), Hami Mandıralı 215-ci (222), Aykut Kocaman isə 310-cu (200) yerdə qərarlaşıb.

Qonşu ölkənin Superliqasında çıxış etmiş oyunçular arasında da 200 qol həddini aşanlar olub. Gürcü Şota Arveladze 89-cu (263), braziliyalı Mario Jardel 173-cü (231), rumıniyalı Georgi Hacı 190-cı (227), hollandiyalı Pyer van Hoydonk 196-cı (226) pillədə yer alıb.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ən məhsuldar oyunçu olan Nazim Əliyev 183 qol vurub.
0