Mahir Şükürovun “Anji”yə transfer məbləği açıqlandı
25.01.2010 - 15:13
Mahir Şükürovun “Anji”yə transfer məbləği açıqlandı
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun Rusiyanın “Anji” klubuna transfer məbləği açıqlanıb. Apasport.az saytının məlumatına görə, ruslar 27 yaşlı futbolçunun Bakının “İnter” klubundan transferinin Mahaçqala təmsilçisinə 200 min avroya başa gəldiyini bildirir.

Şükürovun keçidi eurosport.ru saytının Rusiya Premyer Liqasının transferlərinin hit-paradında yer alıb.

“Anji”nin baş məşqçisi Omari Tetradze saytımıza müsahibəsində Mahirlə 3 illik müqavilə bağladıqlarını desə də, rus həmkarımız anlaşmanın müddətini iki il göstərib: “Rusiya yığmasının MDB komandası ilə görüşündə gözə çarpan bu futbolçu dərhal bizim klubların maraq dairəsinə düşdü. Kifayət qədər təcrübəli və sanballı müdafiəçi olan Şükürov Azərbaycan yığmasının Hiddinkin dəstəsi ilə görüşdə özünü göstərdi. O, “Lujniki” stadionunda keçirilən rəsmi oyunda Yuri Jirkovu yaxşıca yordu. Şükürov Azərbaycanın aparıcı komandalarında oynamağa imkan tapıb. Azərbaycan birinciliyinin, Odlar Yurdunun yığmasının kapitanının səviyyəsi aşkar artıb. Bu səbəbdən 27 yaşlı müdafiəçiyə “Dinamo”, “Terek”, “Sibir”, “Amkar”, Nalçik “Spartak”ı göz qoydu. Futbolçunun dediyinə görə isə Almaniya, Hollandiya, Türkiyə klubları da onunla maraqlanırdı. Yarımmüdafiənin də sağ cinahında oynaya bilən sağ cinah müdafiəçisi ucuz başa gəldi və bunu “Anji”nin transfer uğuru adlandırmaq olar. Bu keçidi yalnız o vaxt əsl uğur adlandırarıq ki, yenicə Rusiya futbolunun yüksək yerlərinə çıxan Mahaçqala klubu öz yeni futbolçuları ilə birgə batmayacaq”.

Qeyd edək ki, “Anji” ötən mövsümün yekununa əsasən Rusiya birinci divizionunun qalibi kimi Premyer Liqaya qayıdıb.
0