Juninyonun komanda yoldaşı “Xəzər-Lənkəran”da!
25.01.2010 - 16:42
Juninyonun komanda yoldaşı “Xəzər-Lənkəran”da!
Türkiyədə hazırlığını davam etdirən “Xəzər-Lənkəran” klubuna daha bir legioner baxışa gəlib. Apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, 30 yaşlı braziliyalı yarımmüdafiəçi Kristian Martins Kabral bu gün yeni komandası ilə məşqə çıxıb.

Karyerası boyu yalnız Braziliyada oynayan Kristian “Parana”, “Nautiko”, “Amerika”, “Koritiba”, Velo Qlube”, “Quarani”, “Yuventus”, “İtuani”, “Palmeyras” kimi klublarda forma geyinib. 2005-2006-cı illərdə “Palmeyras”da tanınmış həmyerliləri – qapıçı Markos yarımmüdafiəçi Juninyo Paulista ilə komanda yoldaşı olub. Yeri gəlmişkən, hər iki futbolçu 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionluğunu qazanıb.

Kristian ötən ili “Vitoriya”da başlasa da, mövsümün gedişimdə “Portaleza”ya keçib. Onun karyerasında ən böyük uğuru ötən il “Votoriya”nın heyətində ştat çempionu olmasıdır. 1,68 metr boya, 65 kq çəkiyə malik futbolçu eyni zamanda Uruqvay vətəndaşlığına malikdir.

Qeyd edək ki, “Xəzər-Lənkəran” daha bir legionerin yolunu gözləyir. Əslində, nigeriyalı Opara Emaki hələ yanvarın 19-dan Antalyaya gəlməli olsa da, pasport problemi ilə üzləşdiyindən səfəri yubanır. 26 yaşlı hücumçu son illərdə Tunisdə oynayıb.
0