Ağasəlim Mircavadov: İndi nəsə desəm, başqa cür qəbul edilər
25.01.2010 - 19:18
Ağasəlim Mircavadov: İndi nəsə desəm, başqa cür qəbul edilər
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi

- “Spartak”la yoldaşlıq görüşü komandanızın hansı gücdə olduğunu göstərdi?
- Gəlin, əvvəlcə belə danışaq ki, bu oyunlar, bu hazırlıq biz nə verir. Hazırlıq planımız əvvəlcədən tutulmuşdu. Öncədən xahiş etmişdik ki, bizə yüksək liqada mübarizə aparan klublardan biri ilə yoxlama görüşü keçirmək vacibdir. Düzdür, “Spartak”a uduzduq. İndi nəsə desəm, başqa cür qəbul edilər. Yoldaşlıq görüşlərində nəticə vacib deyil. Belə qarşılaşmalarda ilk növbədə komanda oyununa baxmaq lazımdır. Yaxşı oyun varsa, nəticə də olacaq. Dahi məşqçilər də deyir ki, əgər komanda yaxşı oyun göstərirsə, xal qazanılacaq. Əvvəlki oyunlarla müqayisədə, “Spartak”la qarşılaşmada komandada artım çoxdur.

- Komandanızın hər üç sınaq matçını biz də izlədik. Əvvəlki 2 oyunla müqayisədə, komanda “Spartak”la qarşılaşmada daha yaxşı təsir bağışladı.
- Sizinlə razıyam. Çoxları mənə deyirdi ki, indiki “Xəzər-Lənkəran” əvvəlkinə oxşamır, oxşasa da, sanki nəsə çatışmır. Əlbəttə, çatışmayan cəhətlərimiz də var. Məsələn, futbolçu cəhətdən, futbolu düşünmək cəhətdən. Futbolçuda futbol düşüncəsi əsas amillərdən biridir. Deyərdim ki, “Spartak”a məhz bu cəhətdən uduzduq.

- “Spartak” klubundakı həmkarınız Valeri Karpin saytımıza açıqlamasında bildirib ki, “Xəzər-Lənkəran” Rusiya Premyer Liqasında oynasaydı, turnir cədvəlinin ortasında yer alardı. Siz bunun kompliment kimi qəbul edirsiniz, yoxsa?
- Xeyr, buna kompliment deməzdim. “Spartak”a qarşı oyunda Kamran Ağayev və Denis Kalinkov oynamadı, üstəlik, yeni hücumçu sınayırdıq. Özünüz də gördünüz ki, ikinci hissədə 7-8 oyunçunu dəyişdim. Düzdür, bütün bunlar da lazımdır. İndiki halda futbolda əsasən fiziki duruma önəm verirlər. Bu, əsas amildir. Amma bundan da artıq futbolçularda futbol biliyi olmalıdır. Eləcə də komandanın. Bizdə də müəyyən çatışmazlıqlar var və bunun üzərində çalışırıq. Oyuna gəlincə, deyə bilərəm ki, öz səhvlərimizdən uduzduq. Buraxılan birinci qolda Pexa ilə Souza arasında anlaşılmazlıq oldu ki, axırda qolla nəticələndi. Digərində Rahid Əmirquluyev adi vəziyyətdə topu itirdi ki, rəqib bundan maksimum yararlandı. Yəni, bizdə bu səhvlər var. Özü də biz bunu gözləyirdik. Bilirsiniz nə mənada? Çünki biz topla az işləmişdik. Əsasən fiziki duruma fikir veririk. Bunun da səbəbi var. Tezliklə çempionatın əsas oyunları başlayır. Fevralda Azərbaycanda meydanların vəziyyəti bərbad vəziyyətə düşür. Ona görə də hazırlıq planında dəyişiklik etmişdik, futbolçular anlasınlar ki, nəyin üstündə çalışırıq və nəticəsi nə olmalıdır. Bundan başqa deyə bilərəm ki, komanda qol vəziyyətləri yaradır. Elə “Spartak”la qarşılaşmada da bir neçə dəfə qol vura bilərdik. Amma həlledici zərbə üçün futbolçularda ustalıq səviyyəsi çatmadı. Həm də, xətlər arasında müəyyən çatışmazlıqlar var. Burda 3 oyun keçirsək də, hələ istədiyimiz – optimal heyətlə oynamamışıq. Bu da başa düşüləndir. Çünki yeni oyunçuları yoxlayırdıq. Yanvarın 27-də “Saturn”la qarşılaşacağıq ki, bu zaman 2 yeni futbolçunu baxışdan keçirəcəyik. Biri yarımmüdafiəçidir, digəri hücumçu. Tez bir zamanda onları da yoxlamalıyıq.

- Moskvalılarla oyun başlamazdan öncə Karpinlə bir qədər söhbət etdiniz. Bilmək olarmı, onunla nəyi müzakirə edirdiniz?
- Təbii ki, futbolla bağlı söhbətləşdik. Ölkəmizdə futbolun vəziyyəti ilə maraqlandı. Söhbət zamanı məlum oldu ki, Azərbaycan futbolu haqda çox az bilgiyə malikdir. Yəni, informasiyası azdır. Mən burda özümü də günahlandırıram, klublarımız Avropa miqyaslı turnirlərdə elə də uğur göstərə bilmirlər. Amma “Birlik Kuboku” turnirini qazandığımızdan xəbərdar idi. Dedi ki, Azərbaycan klubları üçün “Birlik kuboku” lazımdır. Yaxşı çıxış edib tanınmaları vacibdir. Karpin mənə dedi ki, Azərbaycan komandası ilə oynamağa tərəddüd edib. Çünki bizim haqqımızda məlumatı çox azdır. Amma oyundan sonra yenə söhbətləşdik, bildirdi ki, “Xəzər-Lənkəran” kimi komanda ilə oynadıqlarına görə şaddır.

- Siz məşqçi işləyəndə Karpin hələ futbol oynayırdı. Həmin yoxlama matçında yerlərinizi dəyişsəydiniz, yenə “Spartak” qələbə qazanardı? Yəni, düşünmək olarmı ki, Karpin sizi məşqçi kimi yox, sərəncamında olan güclü heyət hesabına məğlub etdi?
- Əlbəttə ki... Bilirsiniz, “Spartak”da da müəyyən problemlər var. Bu komanda Konstantin Beskovun vaxtındakı kimi oynamağa çalışır. Futbol aləmində belə bir qayda var ki, oyunu gec tapırsan amma tez itirirsən. Bu komandanın əvvəllər özünəməxsus oyun stili vardı. Sonra baş məşqçi, nəsil dəyişikliyi baş verdi. Hər məşqçinin futbola müxtəlif baxışı var. “Spartak”ın əvvəlki oyunu indi yox dərəcəsindədir. İndi-indi həmin oyunu qaytarmaq istəyir. Bunun üçün də ilk növbədə ifaçılar lazımdır. Həm də, nəzərə almaq lazımdır ki, sərəncamında olan futbolçu komandanın taktikasına uyğundur, yoxsa yox? Uduzmağa gəlincə, bunu həm rəqibin güclü heyətə malik olmasına və futbol düşüncəsi il əlaqələndirərdim. Amma yenə deyirəm, mənim üçün yoxlama görüşlərində nəticə yox, komanda oyunu vacibidir.

- Belə çıxır ki, biz belə güclü komandalara təkcə ustalıq səviyyəsində uduzuruq?
- Bəli. Ancaq və ancaq ustalıq səviyyəsinə görə uduzuruq. Mən bu toplanışdan ona görə razıyam ki, belə güclü komandalarla oyunda nəsə qazanırıq. Yəni, səhvlərimizi görüb bunu üzərində çalışırıq.

- Az öncə 2 əcnəbi müdafiəçi transfer etmisiniz. Albaniyalı Elvir Beçiri ilə estoniyalı Tixon Şişov komandanızdan gedən müdafiəçilərdən güclüdürlər?
- Hərəsinin özünə görə səviyyəsi var idi. Mən gedənlərə də öz minnətdarlığımı bildirirəm ki, komanda üçün zəhmət çəkiblər. Yeni gələnlər də bizə lazımlı futbolçulardır. Beçiri elə klublarda oynayıb ki, milli komandasının da üzvüdür. Bir sözlə, bizə lazım olan futbolçudur. Şişov isə müdafiəçidir. Bundan başqa hücumlara da qoşulur. Ümumiyyətlə, Baltikyanı ölkələrin futbolçularının həddən artıq qabiliyyəti var. Onlar verilən tapşırıqları səlis yerinə yetirirlər.

- Belarusda oynayan braziliyalı hücumçu Maykonun “Xəzər-Lənkəran”a keçidi maliyyə məsələlərinə görə baş tutmadı?
- Xeyr, o özü Azərbaycanda oynamaq istəmədi. Rusiya, Ukrayna və Polşa klublarından təklif almışdı. Güclü çempionata getmək istəyirdi. Deyirdi ki, Azərbaycana 1-2 ildən sonra da gələ bilər. Mən də razılaşmadım, dedim gəlirsənsə indi gəl, sonra bizə lazım deyil. Səhv etmirəmsə, indi Polşada oynayacaq. Bilirsiniz, Azərbaycana axırıncı variant kimi baxırlar. Amma belə olmamalıdır. Bir misal çəkim, bizə Boliviya yığmasının futbolçusu gəlmişdi.

- Yəqin ki, Helmut Qutyerresi nəzərdə tutursunuz...
- Bəli, onun meneceri bizdən üzr istədi. Deyirdi ki, “Xəzər-Lənkəran”ın belə səviyyəli klub olduğunu bilmirdi. Fikirləşirdi ki, Azərbaycan çempionatı zəifdir. Sonda bizə dedi ki, heyətinizdə yaxşı, səviyyəli futbolçular var.

- Ola bilərmi ki, həmin menecer gələcəkdə sizə daha səviyyəli futbolçu gətirsin?
- Əlbəttə. Bizim bütün klublarda belədir ki, futbolçunun baxışa çağırıb sonra seçim edirik. Ola bilsin ki, həmin futbolçu bir qarşılaşmada yaxşı, digərində pis oynasın. Uzağa getmək lazım deyil. Biz makedoniyalı Hasan Ertanı baxışdan keçirəndə “Sibir”lə qarşılaşmada pis çıxış etmədi. Amma “Spartak”la qarşılaşmada heç cür özünü göstərə bilmədi.

- Transfer məsələlərində bundan sonrakı planlarınız necədir? Hansı mövqeyə kimləri cəlb etmək fikrindəsiniz?
- Qışda 4 mövqeyə futbolçu transfer etmək çox çətindir. Belə götürəndə, müdafiədəki problemi həll etmişik. Qalıb orta və ön xətt ki, bu da rəqabət yaratmaq məqsədi daşıyır. Yəni, bir-birilərinə kömək etmək məqsədilə. Çalışırıq ki, azad futbolçu transfer edək. İndi əksər futbolçuların öz klubları ilə müqavilələri var. Həm də bizim məqsədimiz kəmiyyətə yox, keyfiyyətə fikir verməkdir. Az olsun, səviyyəli olsun.
0