Milli komandamız Avropa çempionatının yarımfinalında!!!
26.01.2010 - 00:53
Milli komandamız Avropa çempionatının yarımfinalında!!!
Futzal üzrə Azərbaycan milli komandası bu gün tarixinin ən önəmli sınağına çıxıb. Yığmamız Macarıstanda keçirilən Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Ukrayna ilə qarşılaşıb. Qitə çempionatına ilk dəfə qatılmış futzalçılarımız qalib gələrək, daha bir tarixi uğuru gerçəkləşdiriblər.

Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri Bakı vaxtı ilə saat 23:00-da “Papp Laslo” İdman Sarayında keçirilmiş matçın nəticəsini onlayn təqdim edib.

1/4 final
Azərbaycan - Ukrayna - 3:3 (penaltilər seriyası- 4:2)
Qollar: Rizvan Fərzəliyev, 3; Tyaqu, 17; Maşado, 24 - Mixaylo Romanov, 1; Sergey Çepornyuk 10; Kondratyuk, 33
Azərbaycan: 1.Andrey Tveryankin, 4.Serjio Luis Lukas, 5.Felipe Ribeyro Dos Santos, 8.Rizvan Fərzəliyev, 10.Nilson Maşado
Ehtiyat oyunçular: 3.Sergey Çuykov, 6.Ediqluson Alves de Souza, 7.Rəcəb Fərəczadə, 9.Qabriel Tyaqu Rodriges, 11.Namiq Məmmədkərimov, 12.Marat Salyanski (k), 14.Vitali Borisov
Baş məşqçi: Joze Alesio da Silva
Ukrayna: 1.Vladislav Lisenko, 2.Mixaylo Romanov, 5.Yevgeni Roqaçov, 7.Sergey Çepornyuk, 9.Valeri Zamyatin (k)
Ehtiyat oyunçular: 12.Vladislav Kornyeyev, 3.Maksim Pavlenko, 4.Dmitri İvanov, 8.Denis Ovsyannikov, 10.Valeri Leqçanov, 11.Oleksandr Kondratyuk, 13.Dmitro Silçenko
Baş məşqçi: Qennadi Lisençuk
Sarı vərəqələr: Silçenko, 27; Tyaqu, 35
Hakimlər: İvan Şabanov (Rusiya), Tommi Gronman (Finlandiya), Stefan Kammerer (Almaniya)
Hakim-inspektor: İvan Novak (Xorvatiya)
UEFA nümayəndəsi: Pedro Dias (Portuqaliya)
25 yanvar. Budapeşt. “Papp Laslo” İdman Sarayı. 2207 tamaçaçı.

***Yığmamız əvvəlki kimi, oyuna təxminən saat yarım qalmış polis maşınlarının əhatəsində “Papp Laslo” İdman Sarayına gəldi.

***AFFA rəhbərliyi milli komandamızın ukraynalılarla görüşünə zalda baxmayacaq. Assosiasiya prezidenti Rövnəq Abdullayevin Budapeştə gəlməsi ehtimal olunsa da, o, Macarıstan paytaxtına təşrif buyurmadı. Xatırladaq ki, yığmamızın qrupdakı hər iki matçını AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov izləyib.

***Milli komandamızın start heyətində dəyişiklik yoxdur. Macarıstan və Çexiya ilə qarşılaşmalarda olduğu kimi, oyuna Tveryankin, Serjio, Felipe, Rizvan Fərzəliyev və Nilson Maşado “beşliy”i ilə başlayacağıq.

8-ci san. Ukrayna yığması oyuna başlayan kimi hesabı açır. Romanov yaxın məsafədən uzaq küncü dəqiq nişan aldı.

2-ci dəq. Serjionun zərbəsi qapı dirəyinə tuş gəldi.

3-cü dəq. Bu dəfə Ukrayna yığmasının köməyinə qapıçı Lisenko gəldi. O.
Serjionun zərbəsi çətinliklə qaytardı.

QOLLLLLL
3-cü dəq. 5-ci saniyə. Rizvan Fərzəliyev hesabı bərabərləşdirdi.

5-ci dəq. Yığmamız daha bir real epizodu yaratdı. Maşadonun zərbəsi az qala qol olacaqdı.

Erkən qol buraxmağımıza baxmayaraq, futzalçılarımızın üstünlüyü açıq-aşkar hiss olunur.

8-ci dəq. Tyaqu qapıçı ilə üzbəüz qaldı, lakin onun zərbəsini qapıçı qaytardı. Hücumun davamında Alvesin qüvvətli zərbəsini yenə Lisenko zərərsizləşdirdi.

9-cu dəq. Vitali Borisovun zərbəsi çox təhlükəli alındı.

10-cu dəq. 34-cü saniyə. Mərkəz xətti yaxınlığında buraxdığımız səhv qolla nəticələndi. Sergey Çepornyuk Tveryankinin qaytardığı topu tora qovuşdurdu - 1:2

Futzalçılarımız demək olar, bütün hücumları müdafiədən qururlar. Ona görə də əks-hücumlarımız effektli alınmır.

14-cü dəq. Maşadonun yerinə yetirdiyi cərimə zərbəsinin qarşısını Maksim Pavlenko aldı.

Artıq milli komandamız 5 dəfə qaydanı pozub. Növbəti cərimədən sonra qapımıza 10 metrlik zərbə təyin olunacaq.

Bu dəqiqələrdə yığmamız Ukraynanın qapısını əsl bombardmana tutub. Ancaq hədəfə düşmək müşkülə çevrilib.

17-ci dəq. Joze Alesio da Silva taym-aut götürdü.

17-ci dəq. 23-cü san. Tyaqu hesabı bərabərləşdirdi. Felipenin künc zərbəsindən ötürdüyü topu braziliyalı futzalçı məntiqi sonluqla tamamladı.

19-cu dəq. Sonuncu dəqiqədə ukraynalılar çox təhlükəli əks-hücum qurdular. İdman xoşbəxtliyi bizim tərəfimizdə oldu.

Birinci hissə başa çatdı.

İkinci hissəyə start verildi.

21-ci dəq. Felipe sağ cinahdan irəlilədi, qapıya iti bucaq altında qüvvətli zərbəsini Lisenko qaytardı.

22-ci dəq. Əvvəlcə Serjionun zərbəsini qapıçı qaytardı, Maşadonun “çərçivə”yə göndərdiyi topu kapitan Zamyatin nəzarətsiz qalmış qapıdan çıxardı.

Meydanda bərabərsəviyyəli mübarizə gedir. Komandalar qol epizodlarını sağa-sola xərcləyirlər.

24-cü dəq. Ukraynanın hesabda öncə keçmək üçün əla şansı var idi. Əvvəlcə Vitali Borisov, ardından Tveryankin komandamızı qoldan xilas etdi.

Ukraynalı qapıçı Lisenko ciddi zədələnsə də, oyunu davam etdirə biləcək.

Daha bir qol

24-cü dəq. 58-ci saniyə. “Ev tapşırığı”nı əla yerinə yetiririk. Tyaqunun cərimə zərbəsindən ötürməsini Maşado saxlamadan qapıya vurur - 3:2.

27-ci dəq. Tyaqunu yıxırlar, hakim rəqibin futzalçısı Silçenkoya sarı vərəqə göstərir.

Oyunu 2207 tamaşaçı izləyir.

29-cu dəq. Tveryankin əla reaksiya göstərdi. O, Ovsyannikovun təxminən 2 metrlikdən məsafədən zərbəsini qaytardı.

31-ci dəq. Bu dəfə ukraynalı qapıçı təkbətək çıxan Alvesi yıxdı. Bəlkə də Lisenko bayaqkının əvəzini çıxırdı. Alves oyunu davam etdirə bilmədi.

32-ci dəq. Borisov təkbətək çıxır, amma əla qol şansından istifadə edə bilmir.

33-cü dəq. 54-ci saniyə. Serjio qapıçının yanından topu atsa da, qapı dirəyi ukraynalıların köməyinə çatdı. Cavab hücumunda Kondratyuk tarazlığı bərpa etdi.

Saysız-hesabsız qol vəziyyətindən istifadə edə bilmədik və “vurmayana, vurarlar” prinsipi işə düşdü.

Matç heç-heçə başa çatsa, dərhal penaltilər seriyası təyin olunacaq.

Final fitinə 12 saniyə qalmış yığmamız 6-cı dəfə cərimə etdi. Ukrayna yığması 10 metrlik cərimə zərbəsini qapının üstündən vurdu.

Oyun bitdi. Komandalar növbə ilə penaltilər vuracaqlar.

Birinci ukraynalılar penalti vururlar.

Zamyatinin zərbəsi qol olur.

Serjio hesabı bərabərləşdirdi.

Ukraynadan Mixaylo Romanov, yığmamızdan Tyaqu dəqiq olur.

Tveryankin Pavlenkonun zərbəsini qaytarır. Əvəzində Maşado hədəfə düşür.

Çepornyuk vura bilmir, Rizvan Fərzəliyev dördüncü penaltini də qola çevirir və yığmamız yarımfinala yüksəlir.
0